MƏDƏNİYYƏT
Avropa xalqlarının “Beovulf” dastanı haqqında elmi seminar məşğələ
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təşkil olunan növbəti elmi seminar məşğələ Avropa xalqları folklorunun məşhur nümunəsi “Beovulf” dastanına həsr olunub.
Muzeyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, anqlo-sakson ədəbiyyatının zülmə, mifik şər qüvvələrə qarşı mübarizəni, cəsurluğu tərənnüm edən bu abidəsinin salnamə tarixi erkən orta əsrlərə söykənir.
Məruzəçi – muzeyin şöbə müdiri Tomiris Babanlı dastanın tarixi, mənşəyi, məzmunu haqqında ətraflı məlumat verməklə yanaşı, onun türk dünyasının “Bilqamıs”, “Kitabi-Dədə Qorqud” kimi ölməz abidələrlə də ortaq süjet, ideya məqamlarından da söz açıb.
Seminar məşğələ muzey əməkdaşlarından filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli, filologiya üzrə fəlsəfə doktoru Məlahət Kələntərli, elmi işçilər Solmaz Azadova, Nərmin Əliyeva və digərlərinin çıxışları ilə davam edib.