“AvropadASAN” layihəsinin ilk mövsümü uğurla başa çatıb
Bakı, 23 dekabr, AZƏRTAC
İki yaşını qeyd edən “ASAN Radio”nun bu il yayımladığı yeni proqramlar arasında Avropa İttifaqının dəstəyi, ADA Universitetinin bələdçiliyi ilə həftədə bir dəfə efirə çıxan “AvropadASAN” adlı proqram da var.
“ASAN Radio”dan AZƏRTAC-a bildiriblər ki, “AvropadASAN” proqramının ilk mövsümünün başa çatması ilə bağlı radioda keçirilən tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, verilişin yaradıcı heyəti, radionun kollektivi, media nümayəndələri iştirak ediblər.
Tədbirdə “ASAN Radio”nun direktoru Emin Musəvi bildirib ki, maarifləndirici və əyləncəli verilişin məqsədi Avropa bölgəsini daha da yaxından tanıtmaq idi. “AvropadASAN” verilişi, eyni zamanda, həm coğrafi, həm də daşıyıcısı olduğu maddi və mənəvi dəyərlərlə Avropanın tərkib hissəsi olan Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında dinləyicilərə ətraflı məlumat vermək idi.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas qeyd edib ki, “AvropadASAN” layihəsini həyata keçirmək üçün güclü bir komanda çalışıb. Çox şadam ki, azərbaycanlı dinləyicilər bu proqram vasitəsilə müxtəlif mövzularla bağlı maarifləndirildi. Güclü bir komanda sayəsində əldə olunan bu nailiyyət və Aİ ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafı bizi sevindirir.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təhsil ocağının bələdçiliyi ilə yayımlanan proqramın uğurlu alınmasında “ASAN Radio”nun rolunu qeyd edib. Prorektor bildirib ki, həm ADA Universiteti, həm Avropa İttifaqı radionun geniş dinləyici auditoriyasından istifadə edərək layihəni uğurla həyata keçirib.
“AvropadASAN” verilişinin redaktoru və aparıcısı Şəfəq Mehrəliyeva bildirib ki, layihənin uğurlu alınması komanda işinin nəticəsidir və dərslik kimi istifadə oluna bilər.
Qeyd edək ki, layihə barədə razılaşmanı bu ilin mayında “ASAN Radio”nun direktoru Emin Musəvi və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar. Radiolayihə Avropa İttifaqının dəstəyi ilə ADA Universitetində 2013-cü ildən bəri fəaliyyət göstərən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin təşəbbüsüdür.