DÜNYA
Avropada beş obyekt UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib
Varşava, 10 iyul, AZƏRTAC
Avropada beş obyekt UNESCO-nun Ümumdünya İrs Komitəsinin Polşanın Krakov şəhərində keçirilən 41-ci sessiyasında təşkilatın Dünya İrsi Siyahısına daxil edilib. Bu barədə məlumat təşkilatın “Twitter” saytında yer alıb.
Ümumdünya İrs Komitəsi Rusiyanın Sviyaj ada-şəhərində Pskov-Novqorod məbədləri üslubunda tikilmiş və XVI əsr rus memarlığının incisi hesab edilən Müqəddəs Məryəm kilsəsini (1561) Dünya İrsi Siyahısına daxil edib. Kilsənin ərazisində Müqəddəs Xristoforun freskası saxlanılır.
Dünya İrsi Siyahısına salınmış abidələrinin sayına görə rekord yer tutan İtaliyanın XV-XVII əsr Venesiya istehkamları da bu siyahıya əlavə olunub. Siyahıya, həmçinin Qrenlandiyada (Danimarka) subarktika kənd landşaftı, Tarkov dağlarında (Polşa) unikal su kəməri sistemi ilə gümüş çıxarılan şaxta, habelə Almaniyanın cənubunda Şvab Yura mağaraları daxil edilib. Bu mağaralarda buz dövrünə aid qayaüstü rəsmlər saxlanılır.
Krakovda keçirilən sessiyada Dünya İrsi Siyahısına salınmaq üçün 30-dan çox müraciətə baxılır. Sessiya iyulun 12-də başa çatacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava