DÜNYA
Avropada polisi irqi zəmində qanun pozuntularına dözümsüzlük nümayiş etdirməyə çağırırlar
Praqa, 6 iyul, AZƏRTAC
Çexiya Xarici İşlər Nazirliyi hesab edir ki, ötən həftə Praqada islam və miqrasiya əleyhinə nümayiş zamanı qanun pozulub. Daxili işlər naziri Milan Xovanets bildirib ki, polisin hərəkətləri təshih olunmalıdır. Nümayişdə müşahidə olunan nifrət hallarını hökumətin başçısı Boquslav Sobotka da pisləyib. Siyasətçilər bu barədə Çexiya, Moraviya və Sileziya Yanğınsöndürənlər Birliyinin Pardubitsedə keçirilən qurultayında məlumat veriblər.
Milan Xovanets, həmçinin bildirib ki, Daxili İşlər Nazirliyi qanunun bir sıra paraqraflarda pozulması barədə polisə yazılı informasiya təqdim edib. Xatırladaq ki, aksiyalar zamanı nümayişçilər qaçqınlar əleyhinə şüarlarla müşayiət olunan dar ağacı maketləri aparıblar. M. Xovanets deyib: “Bu gün dar ağacı aparacaqlar, sabah yumurta, daha sonra daş, kərpic atacaqlar və nəticədə elə bir gün gələcək ki, belə nümayişlərdə insanlar bir-birinə atəş açacaqlar”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa