CƏMİYYƏT
Avropada yaşayan azərbaycanlı gənclər erməni vəhşiliyinə öz etirazlarını bildiriblər
Bakı, 11 iyul, AZƏRTAC
Avropanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlı gənclər Ermənistanın son təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Allahverdiyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə əlaqədar aksiyalar keçirib. Aksiyalar Hollandiyanın Haaqa, Polşanın paytaxtı Varşava, həmçinin Belçikanın paytaxtı Brüssel şəhərlərində təşkil olunub.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından AZƏRTAC-a bildiriblər ki, Avropanın 3 şəhərində və 6 fərqli məkanda keçirilən aksiyalarda, ümumilikdə, 100-ə yaxın gənc iştirak edib. Bu aksiyalara azərbaycanlı gənclərlə yanaşı, ermənilərin terrorçu əməllərini qınayan əcnəbilər də qoşulublar. Haaqada işğalçı ölkənin səfirliyi və İnsan Hüquqları Məhkəməsinin qarşısında, Varşavada isə Ermənistan səfirliyinin və Avropa Parlamentinin qarşısında keçirilən aksiyalarda çıxış edən gənclər bəyanat səsləndiriblər. Onlar dinc sakinlərin həlak olması faktlarının təkrarlanmasını, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə mövcudluğunun regionda sülhün təminatına və münaqişənin danışıqlar masası arxasında həllinə maneə yaradan başlıca amil olduğunu bildiriblər.
Həmçinin Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə etiraz ifadə edən şüarlar səsləndirilib, 4 iyul təxribatı zamanı həlak olmuş 2 yaşlı Zəhra Quliyevanın fotoşəkillərindən ibarət plakatlar nümayiş etdirilib. Əllərində həmvətənlərimizin həlak olması və ermənilərin terrorçu siyasətləri ilə bağlı faktların əks olunduğu plakatlar tutan və xüsusi geyimlər geyinən aksiya iştirakçıları sonda “Erməni zorakılığına son”, “Qarabağa ədalət” və “Mən Zəhrayam” kimi şüarlar səsləndirib, aksiyalar keçirilən şəhərlərdə yerləşən Ermənistan səfirliklərinin poçt qutularına etiraz bəyanatları atılıb.
Aksiyalar iyulun 11-də Avropanın digər şəhərlərində də davam edəcək.