DÜNYA
Avropada zəhərlənmiş yumurtalar barəsində iş geniş vüsət alıb
Bakı, 11 avqust, AZƏRTAC
Danimarkanın Baytarlıq-Sanitariya İdarəsi müəyyən edib ki, ölkə ərazisində tərkibində sağlamlıq üçün təhlükəli fipronil olan təqribən 20 ton yumurta satılıb. Bu yumurtalar “Danaeg Products” şirkəti tərəfindən Belçikadan satın alınıb və ölkənin əsas iaşə müəssisələrinə satılıb.
AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, Baytarlıq-Sanitariya İdarəsinin əməkdaşı Nikolas Xove deyib: “Bu, iri işdir. Analiz göstərib ki, bu yumurtalarda fipronilin səviyyəsi yol verilən səviyyədən yüksəkdir. Amma bilavasitə insan sağlamlığı üçün təhlükəli deyildir. Biz bu yumurtanı tədarük edən “Danaeg Products” şirkəti ilə sıx əlaqə saxlayırıq. İndi şirkətin nümayəndələri bu yumurtaların yeməyə yararlı olmaması barədə öz alıcılarını məlumatlandırırlar”.
Təhlükəli yumurtalar yeyinti sənayesində qadağan edilmiş fipronildən həşərat və parazitlərə qarşı mübarizədə istifadə edən Niderland fermalarında istehsal edilib və buradan azı 9 Avropa ölkəsinə göndərilib.
Niderland Prokurorluğunun nümayəndəsi Frans de Nere tot Babberix deyib: “Niderlandda səkkiz məkanda axtarış aparılıb. Avtomobillərə, daşınmaz əmlaka və bank hesablarına həbs qoyulub. İki işlər müdiri saxlanılıb”.
Antverpen Prokurorluğunun nümayəndəsi Silvi van Baden deyib: “Belçikada 11 axtarış aparılıb və bu zaman vacib dəlillər tapılıb”.
Fipronilin orqanizmdə toplanması insanın qaraciyərini, böyrəklərini və qalxanvarı vəzini zədələyir”.