DÜNYA
Avropalı alimlər: Proksima B planetinin sakinləri uzun illər Yeri “ziyarət ediblər”
Bakı, 7 sentyabr, AZƏRTAC
Avropalı alimlər yeni kəşf olunmuş Proksima B planetinin sakinlərinin uzun illər Yeri “ziyarət etdikləri” iddiasını irəli sürüblər. Bəzi mütəxəssislər isə onların uzun illər aramızda yaşaya biləcəklərini də düşünürlər.
AZƏRTAC “VistaNews” saytına istinadla xəbər verir ki, ufoloqlar əsrlər boyu yadplanetlilərin Yer kürəsini ziyarət edə biləcəkləri qənaətindədirlər. Onların dünyanı, planetin idrak səviyyəsini öyrəndikləri, müxtəlif düşüncələri insanlara təlqin etdikləri ehtimal olunur.
Yadplanetlilərin dünyanı ziyarət etmə ehtimalı ilk dəfə 50 il bundan əvvəl səslənib. Belə ki, 1957-ci ildə bir qadın naməlum canlıların hipnozuna məruz qalması haqda ufoloqlara məlumat verib. Lakin o zamanlar texnologiyanın yetərli qədər inkişaf etməməsi səbəbindən zərərçəkmişin sözlərinin düzgünlüyünü araşdırmaq mümkün olmayıb. Qadın uzun müddət naməlum canlıların hipnozu altında olduğunu bildirib, yadplanetlilər və onların kosmik aparatlarını dəqiqliklə təsvir edib.