SİYASƏT
Avropalı deputatlar ermənilərin cəfəng təkliflərinə məhəl qoymayıblar
Bakı, 17 mart, AZƏRTAC
Avronest Parlament Assambleyasının Yerevanda keçirilən 4-cü sessiyasında erməni deputatlar çıxış edərək Azərbaycana qarşı bir sıra qərəzli, heç bir əsası olmayan ittihamlar səsləndirib, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması kimi cəfəng təkliflər irəli sürüblər. Lakin avropalı deputatlar onların bu çıxışlarına məhəl qoymayıblar və nəticədə ermənilərin təklifləri rədd edilib. Bu barədə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib.
E.Süleymanov deyib ki, Yerevandakı sessiyada iştirak etməsə də Azərbaycan nümayəndə heyətinin təklif etdiyi düzəlişlərin ləğv olunması istiqamətində Ermənistan tərəfinin səyləri boşa çıxıb. Nümayəndə heyətimiz tərəfindən Avronest PA-nın dörd məruzəsinə təklif olunan düzəlişlərin plenar iclasda qəbul edilməsi hüququ saxlanılıb. Azərbaycan nümayəndə heyətinin irəli sürdüyü və Avropa Parlamentinin üzvləri ilə birgə imzaladığı bütün düzəlişlər artıq səsvermə siyahılarındadır.