ELM VƏ TƏHSİL
Avropalı ekspert Bakı Dövlət Universitetinin eksperimental dil mərkəzi ilə tanış olub
Bakı, 21 oktyabr, AZƏRTAC
“Peşəkar məqsədlər üçün xarici dillərin tədrisi” layihəsi çərçivəsində Şotlandiyanın Qlazqo Universitetinin əməkdaşı Culiya Mcadam ekspert qismində Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi universitetin düzgün strategiyasını formalaşdırmaq, o cümlədən dil kafedralarının səmərəliliyini və müəllimlərin peşəkarlığını artırmaq üçün yaradılan eksperimental dil mərkəzi ilə tanışlıq idi. Yeni qurumda müəllimlər üçün mütəmadi təlimlər təşkil ediləcək, tələbələr isə həm ixtisaslar üzrə dil kurslarında, həm də beynəlxalq dil sertifikatlarını əldə etmək üçün kurslarda iştirak edə biləcəklər.
Sonra avropalı ekspert BDU-nun xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova və müvafiq kafedraların müdirləri ilə görüşüb. Görüşdə BDU-nun təhsil sahəsində, xüsusilə dil sahəsində apardığı islahatlar, əldə edilmiş uğurlar müzakirə edilib. C.Mcadam əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirib.