ELM VƏ TƏHSİL
Avropalı ekspertlər BDU-da olublar
Bakı, 24 noyabr, AZƏRTAC
“Ali təhsil sisteminin Avropa ali təhsil məkaninin tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” TWINNING layihəsi çərçivəsində rezident Tvinninq müşaviri Reijo Aholainenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, BDU-nun kimya, tarix, geologiya, coğrafiya fakültələrinin dekanları ilə görüşən qonaqlar bu ali məktəbdə keyfiyyətin təmin olunması ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
Qonaqlara BDU haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, layihənin məqsədi Avropa ali təhsil məkanına inteqrasiya yolu ilə Azərbaycanda ali təhsil sisteminin daha da inkişaf etdirilməsindən ibarətdir. Burada Boloniya prosesinin prinsipləri çərçivəsində ali təhsil sektorunda islahatların aparılması, ali təhsil müəssisələrində keyfiyyətin artırılması və akkreditasiya sisteminin təkmilləşdirilməsi, təhsil, təlim və gənclər sahəsi üzrə Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlıq, mobillik və mübadilə proqramlarının artırılması nəzərdə tutulub.