CƏMİYYƏT
Avropalı jurnalistlər 2020-ci ilin media dünyasını necə təsəvvür edirlər
Vyanada keçirilən Avropa Qəzet Konfransının növbəti illik toplantısında Azərbaycanı AZƏRTAC, Trend və “Region Plus” media qurumlarının nümayəndələri təmsil ediblər
Vyana, 3 may, AZƏRTAC
Mayın 1-dən 3-dək Vyanada Avropa Qəzet Konfransının növbəti illik toplantısı keçirilib. Hər il olduğu kimi bu il də konfransda Avropanın aparıcı qəzetlərindən tutmuş kiçik regional qəzetlər də daxil olmaqla 220 mətbu orqanının nümayəndələri, media menecerləri və ekspertləri, naşirlər iştirak ediblər.
Konfransda ölkəmizi AZƏRTAC, Trend və “Region Plus” media qurumlarının nümayəndələri təmsil ediblər.
“Media dünyası 2020-ci ildə” mövzusu ətrafında çıxışlarda və aparılan müzakirələrdə yaxın gələcəkdə qəzetçilik işi və jurnalist fəaliyyətinin əsas trendlərindən bəhs edilib. Futuroloq Matthias Horks öz çıxışında media landşaftında müasir trendlər, media istehlakçılarının onlara təqdim olunan media məhsullarına münasibəti, oxucuda tədricən antirəqəmsal skepsisin güclənməsi və klassik mətbu məhsullarına marağın artması barədə danışıb. Qeyd edilib ki, müasir dövrdə hökm sürən rəqəmsal axının ardınca çap mətbuatının yenidən intibah dövrünü yaşaması qaçılmaz olacaq. Oxucular getdikcə rəqəmsal xəbər dünyasında informasiya axını içərisində doğru xəbərləri ayırd etməkdə, etibarlı mənbələri müəyyənləşdirməkdə çətinlik çəkirlər. Buna görə də media qurumları məhsullarını simbioz formada, yəni real və rəqəmsal formatların sintezi şəklində təqdim etməyə çalışacaqlar. Elektron kitablar klassik kitabı sıxışdırıb bazardan çıxarmadığı kimi, elektron mətbuat da klassik mətbuatı məhv etməyi bacarmayacaq. Çünki oxucu kütləsi fiziki olaraq “hiss edilməyən” elektron media məhsullarından “doyaraq”, gələcəkdə çap məhsullarına üstünlük verəcək.
Konfransda rəqəmsallaşmanın gətirdiyi müsbət və mənfi tendensiyalar, lokal medianın inkişafı, klassik və elektron nəşr məhsulları, mobil əlavələr, müasir jurnalistikaya qarşı irəli sürülən ittihamlar və digər mövzular da əsas məruzələr sırasında olub.
Müasir qəzetçilik trendləri haqqında çıxış edən qəzet dizayneri Norbert Küpper bildirib ki, artıq bir çox qəzetlər manşetə 2-3 deyil, bütün səhifəni foto ilə tutan bir məqaləni çıxarmağa üstünlük verir. “Vizual nəqletmə” sayəsində mürəkkəb mövzular foto, infoqrafika və xəritələrin köməyi ilə təqdim edilir. Əlavə buraxılışlara (həftəsonu, uşaq qəzeti və s.) geniş yer ayrılır, redaksiyalar birbaşa sosial media şəbəkələrinə bağlanaraq öz xəbərlərini müxtəlif portallarda paylaşırlar.
Konfransın yekununda “Avropa Qəzet Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.
Hər il olduğu kimi, JTI (“Japan Tobacco International”) şirkətinin sponsorluğu ilə baş tutan konfransda Azərbaycan jurnalistlərinin iştirakı bu şirkətin ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə mümkün olub.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana