REGİONLAR


Avropalı qonaqlar Göyçayda peşə təhsilinin inkişafı ilə bağlı görülən işlərlə tanış olublar

A+ A

Göyçay, 3 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçayda “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və Təhsil Nazirliyinin əməkdaşları da iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” adlı layihənin icrasını davam etdirir. Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq Göyçay rayonunda əhalisinin əsas məşğuliyyəti narçılıq olan 5 kənddə ehtiyacların qiymətləndirilməsi aparılıb və fermerlər arasında sorğu keçirilib. Hazırda seçilən 30 nəfər gənc üçün Göyçay Regional Peşə Tədrisi Mərkəzində təlimlər təşkil olunur.

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı görülən işlərlə tanış olmaq üçün regionlara səfər edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyinin və bir neçə səfirliyin əməkdaşları “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” layihəsi ilə tanış olub, təlim iştirakçıları ilə görüşüblər. Həyata keçirilən layihə və təlim mövzuları haqqında nümayəndə heyətinə məlumat verilib.

Layihənin əlaqələndiricisi Nahid Quliyev Göyçay və region üçün spesifik olan nar meyvəsinin effektiv becərilməsi üçün ixtisaslı və bilikli kadrlara ehtiyac olduğunu qeyd edib. Bildirib ki, layihənin əsas məqsədi nar məhsulu istehsalçıları üçün səciyyəvi olan ehtiyacları müəyyənləşdirmək və nar bağlarının aqronomik qaydada düzgün idarəedilməsi üçün gənclərin bilik və bacarıqlarını artırmaqdır.

O, layihə çərçivəsində nəşr olunan təlim modulu, buklet və posterləri qonaqlara təqdim edib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Yeron Villems həyata keçirilən pilot layihənin önəmli olduğunu vurğulayaraq, gənclər təşkilatına və layihə iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, qonaqlar Göyçay Regional Peşə Tədrisi Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.