DÜNYA
Avropalıların 60 faizindən çoxu “Brexit” danışıqlarında Britaniyaya güzəştin əleyhinədir
Bakı, 20 iyun, AZƏRTAC
Avropalıların 60 faizindən çoxu bu fikirdədir ki, Aİ “Brexit” üzrə danışıqlarda Britaniyaya güzəşt etməməlidir. Bu nəticə Beynəlxalq Münasibətlər Kral İnstitutunun (Chatham House) Kantar kompaniyası ilə keçirdiyi birgə rəy sorğusunda əks olunub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, sorğu Avropa İttifaqının 10 ölkəsində iki qrup - elit (1823 nəfər) və sadə əhali (10195 nəfər) arasında keçirilib. Beləliklə, elit qrupun nümayəndələrinin 68 faizi, sadə avropalıların isə 61 faizi Aİ-nin Birləşmiş Krallıqla yaxşı münasibət saxlamasına tərəfdar olduğunu bildirib. Lakin, eyni zamanda, qeyd ediblər ki, “Brexit” üzrə danışıqlarda Britaniyaya ciddi güzəştlərə getmək olmaz.
Təhqiqatın nəticələrinə görə, Aİ vətəndaşlarının yalnız üçdəbiri (34 faiz) hesab edir ki, onların ölkəsi ittifaqa üzv olmaqla udub. Elit qrupun respondentləri arasında isə bu fikirdə olanlar təxminən iki dəfə çoxdur – 71 faiz.
Sorğunun adi vətəndaşlar arasında olan iştirakçılarının yarıdan çoxu, həmçinin hesab edir ki, onların dövlətində həyat 20 il əvvəl daha yaxşı idi.