İQTİSADİYYAT
Avropalıların “Khazar İslands”a marağı artır
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Serbiyanın sabiq Prezidenti Boris Tadiç və İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Diez “Avesta” şirkətinin həyata keçirdiyi “Khazar İslands” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
“Avesta” şirkətindən AZƏRTAC-a bildiriblər ki, şirkətin rəhbəri Hacı İbrahim Nehrəmli qonaqlara layihə haqqında ətraflı məlumat verib. Görülən işləri yüksək qiymətləndirən sabiq Prezident Boris Tadiç “Khazar İslands” layihəsinə Serbiyadan olan iş adamlarının qoşulma imkanlarını, tikintidə serb şirkətlərinin iştirak edə biləcəyini vurğulayıb.
“Khazar İslands”ı möhtəşəm layihə adlandıran İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Diez ispaniyalı iş adamlarının bu layihədə yer almasının arzu edilən olduğunu söyləyib.
Hacı İbrahim Nehrəmli “Khazar İslands” layihəsi çərçivəsində bir çox xarici şirkətlərlə əməkdaşlıq etdiklərini, yeni işgüzar əlaqələr yaratmağa hazır olduğunu bildirib.