MƏDƏNİYYƏT
“Avropanı gəz, duy və kəşf et” adlı fotomüsabiqə elan edilib
Bakı, 24 avqust, AZƏRTAC
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi “Avropanı gəz, duy və kəşf et” adlı fotomüsabiqə elan edib. Belə ki, Avropa İttifaqı ölkələrində çəkilmiş fotoşəkillərinizi göndərərək hədiyyə qazana bilərsiniz.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə fotoşəkilləri sentyabrın 27-dək göndərmək olar. Müsabiqədə iştirak etmək üçün jpg, pdf və ya png formatda olan şən, kreativ, peşəkar və ya qeyri-peşəkar fotolarınızı, eləcə də selfilərinizi [email protected] ünvanına göndərməli və adınızı, yaşınızı, telefon nömrənizi, şəklin harada çəkilməsi və s. haqqında qısa məlumatı əlavə etməlisiniz.
Təqdim olunan bütün fotoşəkillər Avropada çəkilmiş olmalıdır. Eyni zamanda, təqdim olunmuş fotoşəkillərin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin ittifaqa üzv ölkələrin Bakıdakı səfirlikləri ilə birlikdə təşkil edəcəyi “Avropa şəhərciyi - 2016” festivalının istənilən təşviqat materiallarında məhdudiyyətsiz çapına, “Facebook” səhifəsində istifadəsinə razılıq vermiş olursunuz.
Fotoşəkillər Aİ səfiri və iki xüsusi qonaq daxil olmaqla üç nəfərdən ibarət jüri tərəfindən qiymətləndiriləcək. Fotomüsabiqənin qalibləri oktyabrın 1-də keçiriləcək “Avropa şəhərciyi - 2016” festivalında elan ediləcək.
Qeyd edək ki, 5 ən yaxşı fotoşəkil “Avropa şəhərciyi”də Aİ stendində nümayiş etdiriləcək və hədiyyə də məhz orada əldə olunacaq. Birinci yerin qalibinə fotokamera, digər qaliblərə isə müxtəlif hədiyyələr veriləcək. Müsabiqə iştirakçıları göndərdikləri fotoşəkillərin seçilib-seçilmədiyini bilmək üçün “Avropa şəhərciyi” festivalında Aİ stendinə baş çəkməlidirlər.