MƏDƏNİYYƏT
Avropanın aparıcı nəşri Azərbaycanın biznes turizmi sektoruna geniş yer ayırıb VİDEO
Ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmış Azərbaycan Konqreslər Bürosu daha bir uğurlu layihə ilə respublikamızın inkişaf edən biznes turizmi məkanı kimi tanınmasına nail olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Avropanın səyahət və turizm üzrə ixtisaslaşan nüfuzlu nəşri “CIM” (“Conference & İncentive Management”) jurnalının növbəti nömrəsində ölkəmizin turizm bazarının potensialına geniş yer ayrılıb.
Nəşrin “Azərbaycan görüş məkanı” sərlövhəli hesabatında ölkəmizin MİCE (biznes turizmi) bazarının güclü tərəfləri və potensialı, beynəlxalq səviyyəli tədbirlərin təşkilində imkanları vurğulanıb və turizm sektorunun inkişafı istiqamətində görülən işlərdən bəhs edilib. Hesabatda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, büroya üzv mehmanxana və turizm şirkətləri barədə təqdimat da yer alıb. “Azərbaycanı seçmək üçün 10 əsas səbəb” sərlövhəsi altında isə ölkəmizin dinamik inkişaf edən məkan kimi cəlbediciliyindən söhbət açılıb.
İngilis və alman dillərində çap olunan aylıq “CIM” jurnalının 60 mindən çox oxucusu var. Oxucular əsasən turizm sahəsində çalışan mütəxəssislərdir. Media bazarında əlli ildən artıq fəaliyyət göstərən jurnal 17 min nüsxə ilə buraxılır və aparıcı səyahət agentlikləri, assosiasiyaları, təşviqat və turizm şirkətləri, firmaları ilə əməkdaşlıq edir.
Xatırladaq ki, Azərbaycan Konqreslər Bürosunun Almaniyanın biznes turizmi təmsilçiləri üçün təşkil etdiyi səfərə jurnalın əməkdaşı da qatılmışdı. Səfərin əsas məqsədi qonaqları Azərbaycanın turizm potensialı və investisiya imkanları ilə tanış etmək, ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliği olub. Avropanın nüfuzlu nəşrinin Azərbaycanın turizm potensialı barədə hesabatı belə səfərlərin təşkilinin doğru addım olduğunu bir daha təsdiqləyir.
Hesabatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: http://digimagazin.cimunity.com/epaper-CIM_5_2014/#/114