DÜNYA
Avropanın mühacir problemi: Macarıstan hökuməti Serbiya ilə sərhəddə divar hörməyə başlayıb
Bakı, 27 avqust, AZƏRTAC
Qeyri-qanuni mühacir axını problemi Avropa İttifaqı ölkələrini getdikcə daha çox narahat etməyə başlayır.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, son aylar Avropa ölkələri qanunsuz mühacir dalğası ilə üzləşib. Belə ki, Macarıstana hər gün Suriya, Əfqanıstan və başqa ölkələrdə baş verən silahlı münaqişələr səbəbi ilə Avropaya üz tutan minlərlə insan daxil olur. Macar hökuməti Serbiya ilə sərhəddə 4 metrlik divar hörməyə başlayıb. Avqustun 26-da isə Macarıstan polisi sərhədyanı Roske şəhərinin qeydiyyat mərkəzinin qarşısında iğtişaş törədən mühacirlərə qarşı gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.
Qanunsuz mühacirlərin bir çoxu Almaniyaya can atır, lakin orada onları istəmirlər. Avqustun 26-da Almaniya kansleri Angela Merkel yerli əhalinin mühacirlərin qəbulu əleyhinə etiraz aksiyalarının iğtişaşlar və polislə toqquşmalarla müşayiət olunduğu Haydenau şəhərindəki qaçqın sığınacağını ziyarət edib. Bəzi siyasətçilər kansleri miqyasına görə böyüməyə imkan tapan problemə uzun müddət reaksiya vermədiyi üçün tənqid edirlər.