DÜNYA
“Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
Berlin, 22 aprel, AZƏRTAC
Son vaxtlar “Avropanın nəbzi” vətəndaş təşəbbüsü Avropa İttifaqı ölkələrinin həmrəyliyini alqışlayan və vətəndaş etirazı formatının yalnız “Almaniya üçün alternativ” partiyasından və ya “Pegida” antiislam hərəkatından olan sağçı populistlərlə assosiasiya olunmasını istəməyən almanların çoxunu cəlb edir.
Artıq xeyli vaxtdır ki, bazar günləri avropapərəst nümayişlərə çıxmaq, üzərində ulduz şəkilləri olan göy rəngli bayraqları yellətmək, Avropa İttifaqının himninin sədaları altında canlı zəncir şəklində düzülmək, hətta şəhərin mərkəzi meydanlarındakı açıq mikrofona yaxınlaşaraq Avropa İttifaqına öz sevgisini bildirmək Almaniyada şəhər ziyalıları arasında yaxşı davranış əlamətinə çevrilib. “Avropanın nəbzi” adlanan bu cür aksiyalar artıq ölkənin bir sıra şəhərlərində mərasimə çevrilib.
2017-ci ilin əvvəlindən Almaniyanın 70 şəhərində, habelə Brüssel, Paris və Amsterdamda, Avropanın daha 20-yə yaxın şəhərində minlərlə insan küçələrdə keçirilən aksiyalara qoşularaq Avropa İttifaqını dəstəkləyir.
“Avropanın nəbzi” hərəkatının proqramı bu hərəkatın saytında şərh edilib. “Avropa İttifaqı dağıdılmamalıdır”, “Biz məsuliyyət daşıyırıq”, “Bizə islahatlar lazımdır”, “Avropa azadlıqları toxunulmazdır” və digər ümumi frazalardan ibarət proqram bəndləri avropalıların çoxunun ürəyindəndir.
Bəs “Avropanın nəbzi” yalnız müvəqqəti coşqudur, yoxsa inkişaf edərək tamdəyərli sosial hərəkata çevriləcək? - ekspertlər bu suala qabaqcadan cavab vermək istəmirlər. Onların çoxunun fikrincə, konkret siyasi gündəliyi olmasa bu təşəbbüs tezliklə sıradan çıxacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin