İQTİSADİYYAT
Avrostat: Azərbaycanın Dövlət Statistika Komitəsi yeni standartlara keçid prosesini tam şəkildə başa çatdırıb
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycanın Dövlət Statistika Komitəsi yeni standartlara keçid prosesini tam şəkildə başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Avropa Statistika Bürosunun (Avrostat) Statistik Əməkdaşlıq Bölməsinin rəhbəri Klaudiya Yunker deyib.
"Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin ikinci mərhələsinin nəticələri onu göstərdi ki, ölkənin statistika sistemində mühüm təkmilləşdirməyə nail olunub. Azərbaycanda statistika sahəsində vacib qanunlar mövcuddur. Statistika Komitəsinin veb saytı müasir tələblərə uyğundur və istifadəçilərin rahatlığı tam təmin olunub. Keyfiyyətin idarəetmə sistemi müasir standartlara uyğun qurulub. Azərbaycanda ÜDM və istehlakçı qiymətləri üzrə göstəricilər beynəlxalq standartlara uyğundur. Bəzi sahələr üzrə standartlar isə Avropa standartları səviyyəsinə çatdırılıb", - deyə K.Yunker bildirib.