DÜNYA
Avstraliya İŞİD-in Suriyadakı mövqelərinə aviazərbələrin endirilməsini dayandırır
Tokio, 20 iyun, AZƏRTAC
Avstraliyanın Müdafiə Nazirliyi bəyan edib ki, bazar günü Suriya təyyarəsi ilə baş verən insidentdən sonra İŞİD-in bu ölkədəki mövqelərinə aviazərbələrin endirilməsini dayandırır.
Nazirliyin bəyanatında deyilir: “Avstraliya silahlı qüvvələri Suriyaya aviazərbələrin endirilməsi əməliyyatlarını ehtiyat tədbirləri ilə əlaqədar müvəqqəti olaraq dayandırır”.
Suriyada Dəməşqin razılığı olmadan fəaliyyət göstərən ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD ilə mübarizə üzrə aviasiyası Rakka əyalətində “Suriya Demokratik Qüvvələrinin” obyekti yaxınlığında bomba atmış Suriyaya məxsus Su-22 təyyarəsini vurub. Dəməşqin bəyan etdiyinə görə, həmin təyyarə İŞİD-ə qarşı əməliyyatda iştirak edirmiş.
Bundan sonra Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, hərbi kosmik qüvvələrin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar rayonuna daxil olan istənilən təyyarə və PUA-lar Rusiyaya məxsus hava hücumundan müdafiə vasitələri tərəfindən hava hədəfi kimi qeydə alınacaq. Rusiya Müdafiə Nazirliyi, eyni zamanda, Suriya səmasında insidentlərin qarşısını almaq üçün ABŞ ilə birgə fəaliyyət barədə memorandumun iyunun 19-dan dayandırıldığını da bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio