DÜNYA
Avstraliya İraqa 300 hərbi qulluqçu göndərəcək
Bakı, 3 mart, AZƏRTAC
Avstraliya ABŞ-ın İŞİD ilə mübarizədə beynəlxalq koalisiyanın səylərini birləşdirmək barədə xahişinə cavab olaraq 300 hərbi qulluqçusunu İraq ordusuna təlim keçmək üçün bu ölkəyə göndərəcək.
AZƏRTAC Reuters agentliyinə istinadla bildirir ki, belə bir bəyanatla Avstraliyanın Baş naziri Toni Ebbot çıxış edib. Baş nazir agentliyə müsahibəsində deyib ki, hələ ötən il Avstraliya İraqa 600 nəfərlik hərbi kontingent, o cümlədən hərbi aviasiya üzrə 400 mütəxəssis, xüsusi təyinatlı ordu birləşmələrinə aid 200 hərbi qulluqçu göndərib.
Agentliyin məlumatına görə, Avstraliya dəstələri bundan əvvəl Yeni Zelandiyanın 140 hərbi qulluqçusunun yerləşdirildiyi Bağdadın şimal-qərbindəki Taci şəhərinə göndəriləcəklər.
Artıq İraq və Suriya ərazilərinin böyük bir hissəsini ələ keçirmiş İŞİD hazırda dünyanın ən böyük probleminə çevrilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, öz sıralarında 30 min yaraqlını birləşdirən İŞİD işğal etdiyi ərazilərdə xəlifəlik yaradır və daha geniş əraziləri tutmağa cəhd edir.
Bundan əvvəl ABŞ Prezidenti Barak Obama Konqresdən İŞİD-ə qarşı ordudan istifadəyə olunmasına icazə verməyi xahiş etmişdi. Bildirilirdi ki, Amerika Birləşmiş Ştatları İŞİD-ə qarşı quru qoşunlarından istifadə etməyə hazırdır. Hazırda ABŞ İŞİD-ə qarşı aviasiya zərbələri ilə mübarizə aparır və İraq ordusunun kəşfiyyat bölmələrinə yardım edir.