REGİONLAR
Avstraliya İttifaqının səfiri: Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı böyük potensiala malikdir
Naxçıvan, 3 oktyabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında sahibkarlıq inkişaf edib. Burada çox gözəl biznes mühiti mövcuddur. Ümumilikdə, sürətlə inkişaf edən muxtar respublikanın iqtisadiyyatı böyük potensiala malikdir.
Bu fikirləri oktyabrın 1-də Naxçıvan Muxtar Respublikasında səfərdə olan Avstraliya İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsen AZƏRTAC-a müsahibəsində deyib.
Səfir bildirib ki, muxtar respublikaya səfərinin məqsədi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Avstraliya İttifaqı arasında qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsidir: “Burada keçirdiyimiz görüşlərdə turizmin inkişafı, ticarət və investisiya imkanlarının təşviq edilməsi məsələlərini müzakirə etdik, iş adamlarının qarşılıqlı fəaliyyəti barədə danışdıq. Avstraliyalı iş adamlarının Naxçıvanda, naxçıvanlı iş adamlarının isə Avstraliyada biznes fəaliyyəti ilə məşğul olması barədə qarşılıqlı, səmərəli müzakirələr apardıq. İnanıram ki, bu, öz nəticəsini verəcəkdir”.
Avstraliya İttifaqının Naxçıvan Muxtar Respublikasına səfər edən ilk rəsmi dövlət nümayəndəsi olduğunu vurğulayan Ceyms Martin Larsen qeyd edib ki, ittifaq ilə muxtar respublika arasında müxtəlif sahələrdə əməkdaşlığın qurulması hər iki tərəf üçün faydalı nəticələr verə bilər. Həmin sahələrdən biri də kənd təsərrüfatı sahəsidir. O deyib: “Məlumdur ki, Avstraliyada kənd təsərrüfatı sahəsi böyük inkişaf yolu keçib və bizim ölkəmiz kənd təsərrüfatı məhsullarının ixracatçıları arasında dünyada liderdir. İkincisi, dağ-mədən sənayesi sahəsidir. Naxçıvan zəngin yeraltı təbii sərvətlərə malikdir. Bu sahədə avstraliyalı biznesmenlər ilə naxçıvanlı sahibkarlar arasında faydalı, işgüzar əlaqələr qurula bilər. Üçüncü sahə texniki peşə təhsili və təlimidir. Bu sahədə də Avstraliyanın böyük təcrübəsi var. Məsələn, inşaat sahəsində mütəxəssislərin yetişdirilməsi, su təchizatı sistemlərinin qurulması sahəsində əməkdaşlıq mümkün ola bilər”.
Səfər çərçivəsində Heydər Əliyev Muzeyini ziyarət etdiyini, muxtar respublikanın gəzməli-görməli yerləri ilə, o cümlədən qədim tarixi abidələri ilə tanış olduğunu deyən Avstraliya İttifaqının səfiri vurğulayıb ki, muxtar respublikaya səfəri faydalı olmaqla yanaşı, maraqlı və mənalı keçib. “Mən Naxçıvandan zəngin təəssüratlarla ayrılıram və imkan düşən kimi yenidən muxtar respublikaya səfər edəcəyəm”, - deyə Ceyms Martin Larsen bildirib.