REGİONLAR
Avstraliya İttifaqının səfiri muxtar respublikanın yerli istehsal məhsullarının nümayiş etdirildiyi sərgiyə baxıb
Naxçıvan, 3 oktyabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasına səfər edən Avstraliya İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsen Naxçıvanın yerli istehsal məhsullarının nümayiş etdirildiyi sərgiyə baxıb, istehsalat, mədəniyyət müəssisələri, turizm imkanları ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, diplomat əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib. Bildirilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş qiymətli eksponatlar, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, qonşu dövlətlərlə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri nümayiş etdirilir.
Ceyms Martin Larsen daha sonra Naxçıvan Biznes Mərkəzində olub, burada yerli məhsulların nümayiş etdirildiyi sərgiyə baxıb. Məlumat verilib ki, hazırda burada muxtar respublikada 100-ə yaxın müəssisə tərəfindən istehsal edilən müxtəlif tikinti, ərzaq, geyim, mebel nümunələri nümayiş olunur. Muxtar respublikada iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Cahan Holdinq” Şirkətlər ittifaqları, “Zümrüd” Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub.
“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı qonağa məlumat verilib ki, muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarıb, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılıb. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat verib. Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetr olan yeni istehsal müəssisəsi 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Səfiri Ceyms Martin Larsen “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini də ziyarət edib. Naxçıvanqala ilə tanışlıq zamanı bildirilib ki, kompleksdəki muzeydə eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi hazırda muxtar respublikada mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Sonucu belə bir tədbir sentyabrın 30-da Naxçıvanqalada keçirilən “Plov” və “Yallı” festivalları olub.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksinə gələn səfir Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə xatın türbəsi ilə tanış olub.
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda nümayiş etdirilən əsərlər qonağın diqqətini cəlb edib. Sərgi-satışda muxtar respublikada yaşayan 227 istedadlı qadının 934 rəsm və əl işi nümayiş olunur.
Avstraliya İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə də maraqlanıb. Məlumat verilib ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan mərkəzdə bronxial-astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə edilir. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması 350 yerlik xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur.