DÜNYA
Avstraliya Senatı Donald Trampın ölkəyə səfərinə qadağa barədə təklifi rədd edib
Tokio, 13 fevral, AZƏRTAC
Avstraliya federal parlamentinin Senatı (yuxarı palata) səs çoxluğu ilə “Yaşıllar” partiyasından olan siyasətçilərin ali qanunverici orqana xarici ölkə liderlərinin “Yaşıl qitə”yə səfərlərinə qadağa qoymaq hüququnun verilməsi barədə təklifini rədd edib.
Milli miqrasiya qanunvericiliyinə həmin dəyişikliyi təklif edən Nik Makkim jurnalistlərə bildirib ki, o və onun partiyadakı tərəfdaşları konkret olaraq ABŞ Prezidenti Donald Trampın Avstraliyaya səfərinin əleyhinədirlər.
Ağ Evin yeni sahibinə belə kəskin münasibətin səbəbləri barədə sualı cavablandıran N.Makkim deyib: “O, etibarlılıq testini keçə bilməyib və qadınlar üzərində seksual zorakılığa yaşıl işıq yandırıb. O, qanunun aliliyi barədə fundamental prinsipləri tapdalayıb”.
Avstraliya vizası almaq istəyən əcnəbi vətəndaşlar etibarlılıq testi (Character test) keçərək bu ölkə üçün cinayət və digər təhlükə daşımadıqlarını təsdiq etməlidirlər.
Hələlik Ağ Ev ABŞ Prezidentinin Avstraliyaya səfər planı barədə heç bir açıqlama verməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio