DÜNYA
Avstraliya alimləri hamını “Marsda necə sağ qalmalı” kursuna dəvət edir
Bakı, 8 sentyabr, AZƏRTAC
Avstraliyanın Melburn şəhərindəki Monaş Universitetinin alimləri qeyri-adi onlayn kurs hazırlayıblar. Onlar hamını Marsda yaşamaq vərdişlərinə yiyələnməyə dəvət edirlər.
AZƏRTAC “Rambler” saytına istinadla xəbər verir ki, yeni tədris proqramının müəlliflərindən biri astronom Yasmina Lazendits-Qelloueydir. Astronomun sözlərinə görə, onlayn kursu Monaş Universitetinin fizika, kimya, astronomiya, biologiya, geologiya və digər elm sahələrində aparıcı mütəxəssisləri keçəcəklər.
Yasmina Lazendits-Qellouey deyib: “Marsda hava, su, qida, əlçatan enerji yoxdur. Bu planetin iqlimi çox soyuqdur, ora Günəş işığı da az düşür. Üstəlik güclü radiasiya var. Belə şəraitdə sağ qalmaq üçün insanların güclü dərrakəsi, elm və texnologiyanın nailiyyətlərini tətbiq etmək bacarığı olmalıdır”.
Alimlər qeyd edir ki, Mars planetimizdən təxminən 225 milyon kilometr uzaqlıqda yerləşir. Lakin o, Yer kürəsindən sonra Günəş sisteminin insan yaşayışı üçün yararlı ola biləcək yeganə planetidir.
Onlayn kurs oktyabrın 24-də başlayacaq və bir ay davam edəcək. Təhsil pulsuzdur. Kursa yaşından, təhsil səviyyəsindən və yaşadığı ölkədən asılı olmayaraq, hər kəs qatıla bilər. Yeganə tələb ingilis dilini bilməkdir.