CƏMİYYƏT
Avstraliya alimləri parça maskaların faydasız olduğunu sübuta yetiriblər
Bakı, 27 aprel, AZƏRTAC
Sidneydə (Avstraliya) Yeni Cənubi Uelsin bir qrup alimi parça maskaların faydasız olduğunu eksperimental yolla sübuta yetiriblər.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bir ay ərzində Vyetnamın paytaxtı Hanoy şəhərinin 14 xəstəxanasında davam edən tədqiqatda 1600 tibb işçisi iştirak edib.
Tibb heyətini üç qrupa ayırıblar: birinci qrup parça maskalardan, ikinci qrup qeyri-parça maskalardan, üçüncüsü isə (nəzarət qrupu) özü istədiyi, yaxud tibb müəssisəsinin normalarına uyğun qoruyucu vasitələrdən istifadə edib.
Nəticələr göstərib ki, parça maskalar təqribən 97 faiz mikrodamcı maye keçirdiyi halda qeyri-parça maskalarda bu göstərici 47 faizdir. Bundan başqa, parça maskalar ağız və burun nahiyəsində yüklənmiş zərrəciklərin toplanmasına şərait yaradır. Parça maskalardan istifadə edən tibb işçiləri xəstəliyə nəzarət qrupundakı tibb işçilərindən 60 faiz çox yoluxublar.
Belə nəticə parça maskaların istifadəsinin tam səmərəsiz olduğunu göstərib.
Tədqiqat müəllifləri hesab edirlər ki, Ümumdünya Səhiyyə Təşkilatı və başqa beynəlxalq təşkilatlar hazırda dünyada, xüsusən Afrika və Asiya ölkələrində yetərincə yayılan parça maskalara qadağa qoymalıdırlar.