DÜNYA
Avstraliya futbol üzrə qadınlar arasında 2023-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyinə iddialıdır
Tokio, 13 iyun, AZƏRTAC
Avstraliya futbol üzrə qadınlar arasında 2023-cü ildə keçiriləcək dünya çempionatının final mərhələsinə ev sahibliyi etməkdə iddialıdır. Bu barədə Avstraliyanın Baş naziri Malkolm Ternbull bəyan edib. M.Ternbull qeyd edib ki, federal hökumət Avstraliya Milli Futbol Federasiyasının məsələ ilə bağlı müraciətini tam dəstəkləyəcək.
Baş nazir deyib: “Həmin turnirdə 24 komanda iştirak edəcək və onu bütün dünyadan 700 milyon azarkeşin izləyəcəyi gözlənilir. Bu yarışın Avstraliyada təşkili yalnız ölkənin iqtisadiyyatına və turizm sektoruna deyil, eyni zamanda, qadın idmanının inkişafına müsbət təsir göstərəcək”.
Avstraliya futbolçuları indiyədək altı dünya çempionatında iştirak ediblər və üç dəfə dörddə bir finaladək yüksəliblər. Baş nazir əlavə olaraq deyib: “Əgər bizim “Matildalar” dünya çempionu adı uğrunda öz evlərində mübarizə aparsalar, bu, çox yaxşı olar”.
2023-cü il dünya çempionatının təşkili üzrə rəsmi müraciətlərin qəbulu hələ başlamayıb. Avstraliyadan başqa, Kolumbiya, Yeni Zelandiya, Tailand, Koreya Respublikası və Yaponiya da həmin çempionata ev sahibliyi etmək niyyətindədirlər.
Xatırladaq ki, qadınlar arasında dünya çempionu adı 2015-ci ildə Kanadada keçirilən final mərhələsinin qalibi ABŞ komandasına məxsusdur. Növbəti dünya çempionatı isə 2019-cu il iyunun 1-dən 30-dək Fransada keçiriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio