DÜNYA
Avstraliya hökuməti: Çin və İndoneziya TPP-də ABŞ-ı əvəz edə bilər
Tokio, 25 noyabr, AZƏRTAC
Çin və İndoneziya Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmada ABŞ-ı əvəz edə bilər. Bu fikri noyabrın 25-də “BBC Radio 4”ə müsahibəsində Avstraliyanın ticarət və investisiyalar naziri Stiven Çobo səsləndirib.
Verilişin aparıcısı ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın inauqurasiya mərasimindən dərhal sonra elə birinci iş günü Vaşinqtonun TPP-dən çıxması prosedurlarına başlanacağı barədə bəyanatını xatırladıb.
S.Çobo bunun cavabında bildirib ki, Avstraliya hökuməti TPP-nin 12 iştirakçı dövlətin maraqlarına tam cavab verdiyinə əmindir. ABŞ-ın hansı qərarı qəbul etməsindən asılı olmayaraq, biz bu razılaşma barədə qətnaməni irəli aparmaq niyyətindəyik. Bununla yanaşı, biz razılaşmaya digər ölkələrin qoşulması imkanlarını da araşdıracağıq. Potensial olaraq bu məqsədlə Çin və İndoneziya götürülə bilər.
Xatırladaq ki, TPP-nin yaradılması barədə razılaşma 12 ölkənin ticarət nazirləri tərəfindən cari ilin fevralında Oklenddə imzalanıb. Azad ticarət barədə bu böyük regional razılaşmada Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur, ABŞ, Çili və Yaponiya iştirak edirlər.
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp seçkiöncəsi kampaniyası zamanı TPP barədə tənqidi fikirlər səsləndirib. Bu həftənin əvvəlində isə o, bu razılaşmanı ölkəsi üçün “potensial fəlakət” adlandırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio