DÜNYA


Avstraliya ilə İran arasında ticarətin inkişafı barədə memorandum imzalanıb

A+ A

Tokio, 29 sentyabr, AZƏRTAC

Avstraliya ilə İran arasında ticarətin inkişafı sahəsində əməkdaşlıq barədə memorandum imzalanıb. Bu barədə yaxın günlərdə avstraliyalı biznesmenlərlə birlikdə Tehranda səfərdə olmuş ticarət və investisiyalar naziri Stiven Çobo məlumat verib.

Sənədi şərh edən nazir deyib: “Bu memorandum tərəflərə iqtisadi əməkdaşlığı genişləndirməyə və ticarət sahəsində prioritet bölmələri dəqiqləşdirməyə imkan verəcək”. Nazir əlavə edib ki, Avstraliya-İran ticari-iqtisadi əməkdaşlığında əsasən aqrobiznes, energetika və təbii ehtiyatlar, səhiyyə, su mənbələrindən istifadə, təhsil və peşə hazırlığı sahələrinə üstünlük veriləcək.

Səfərin nəticələri barədə danışan S.Çobo qeyd edib ki, Avstraliya 2010-cu ildə bağlanan ticarət nümayəndəliyinin fəaliyyətini yenidən bərpa edib. Bu, avstraliyalı biznesmenlərə İran bazarının imkanlarını öyrənmək üçün əlverişli şərait yaradacaq.

Qeyd edək ki, Avstraliya İrandakı səfirliyinin fəaliyyətini heç vaxt dayandırmayıb, lakin altı il bundan qabaq ticarət nümayəndəliyinin fəaliyyəti dondurulub. Ötən ilin aprelində Avstraliyanın xarici işlər naziri Culi Bişop İrana səfər edib ki, bu da həmin ölkənin XİN rəhbərinin Tehrana son 13 ildə ilk səfəri olub. Yanvarda Avstraliya İrana qarşı silah ixracı saxlanmaqla, digər sanksiyaları ləğv edib. Martda isə Kanberranı son 14 ildə ilk dəfə İranın xarici işlər naziri Cavad Zərif ziyarət edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.