SİYASƏT


Avstraliya parlamentində Azərbaycan-Avstraliya diplomatik münasibətlərinin 25 illiyi qeyd olunub

Bakı, 14 iyun, AZƏRTAC

Avstraliyanın Federal Parlamentində Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar qəbul keçirilib.

Azərbaycanın Avstraliyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Kristofer Bək qəbulda iştirak edən qonaqları Avstraliyanın baş naziri Malkolm Törnbull və xarici işlər naziri Culi Bişopun adından salamlayıb. O, 2016-cı ilin sentyabr ayında Azərbaycanda keçirilmiş ümumxalq səsverməsini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olduğunu bildirib, səfərlə bağlı xoş təəssüratlarını bölüşüb. Avstraliyalı senator referendumun yüksək səviyyədə keçirildiyini, habelə səsvermə prosesinin təşkilinin standartlarından məmnun qaldığını diqqətə çatdırıb.

O, səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirdiyini qeyd edib, Avstraliya ilə Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən ticari-iqtisadi sahədə qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib. Bu xüsusda senator Avstraliyanın bir neçə şirkətinin Azərbaycanda həyata keçirilən biznes layihələrində iştirakını müsbət hal kimi dəyərləndirib. O, həmçinin ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə son illər ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini deyib. O, Azərbaycanın Avstraliya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, bu mövqeyin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrouva diplomatik əlaqələrin 25 illiyi ilə əlaqədar ünvanladığı təbrikində öz əksini tapdığını xüsusi vurğulayıb.

Azərbaycanlı diplomat Avstraliyanın dövlətimizin müstəqilliyini tanıyan ilk ölkələr sırasında olduğunu qeyd edib, Azərbaycan Hökumətinin Avstraliyanın ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qəti və ardıcıl şəkildə dəstəklənməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən E.Həbibzadə Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean regionu üzrə naziri Konçetta Fierravanti-Uelsin bu il iyunun 11-12-də Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun ilk sədri, sabiq millət vəkili Lyuk Simpkins Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayevanın adından çıxış edərək, iki ölkə arasında ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Avstraliya şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyətinin bu ilin oktyabrında Azərbaycana səfərinin nəzərdə tutulduğunu bildirib. L.Simpkins qeyd edib ki, işgüzar dairələr arasında əlaqələrin artırılması müxtəlif sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eləcə də dövlətlər arasında münasibətlərin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Avstraliya parlamentinin üzvləri, Kanberrada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, eləcə də Avstraliyadakı Azərbaycan icmasının üzvləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.