DÜNYA
Avstraliya qaçqınların qəbulunu artırmağı planlaşdırır
Tokio, 21 sentyabr, AZƏRTAC
Avstraliya 2018-2019-cu maliyyə ilindən başlayaraq, qaçqınların qəbulu ilə bağlı kvotanı 13750 nəfərdən 18750 nəfərədək artırmağı planlaşdırır. Bu barədə Baş nazir Malkolm Ternbull Nyu-Yorkda jurnalistlərə açıqlamasında məlumat verib.
Avstraliyanın artıq uzun illərdir dünyanın problemli rayonlarından olan qaçqınların qəbulu və cəmiyyətə inteqrasiyası sahəsində uğurlu siyasət yeritdiyini qeyd edən M.Ternbull bildirib ki, bununla yanaşı, ölkə Suriya və İraqdan birdəfəlik əsaslarla 12 min qaçqının yerləşdirilməsi proqramını da həyata keçirir.
Sentyabrın 20-də ABC televiziya kanalının verdiyi məlumata görə, Baş nazir İordaniya, Livan və Pakistanda yerləşən qaçqınlara humanitar yardım üçün qarşıdakı üç ildə Avstraliyanın 130 milyon dollar ayıracağını da bildirib.
Baş nazir əlavə olaraq qeyd edib ki, ölkəsi beynəlxalq proqram çərçivəsində Mərkəzi Amerikadan (Kosta-Rikodakı düşərgələrdən) olan qaçqınların yerləşdirilməsində də iştirak edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio