İDMAN
Avstraliya yığmasının məşqçisi: Milli Gimnastika Arenasında əla şərait yaradılıb
Bakı, 16 mart, AZƏRTAC
Milli Gimnastika Arenasında əla şərait yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri idman gimnastikası üzrə Avstraliyanın kişilərdən ibarət yığmasının məşqçisi Vladimir Vatkin deyib.
Bundan əvvəl Braziliya yığması ilə işləmiş V.Vatkin 2012-ci ildə komandanı London Olimpiadasına aparıb. “Bakıya ilk dəfədir gəlmişik. Hələ ki çox yeri görə bilməmişik. Lakin zalda yaradılmış şərait əladır. Bu, müasir idman avadanlığı və alətləri ilə təchiz edilmiş çox yaxşı zaldır. Təəssüratımız az olsa da, çox müsbətdir”, - deyə məşqçi qeyd edib.
Onun sözlərinə görə, avstraliyalı idmançıların əsas məqsədi finala çıxmaqdır. “Biz buraya ən yaxşı idmançıları gətirdik. Qarşımızda duran vəzifə çox çətindir. İdmançılarımız artıq Dünya Kubokunda medallar qazanıblar, məsələn, Kris Remkes təkanla tullanma üzrə gümüş medalın sahibidir. Lakin burada rəqabət yüksəkdir və asanlıqla qələbə əldə etmək mümkün olmayacaq. Ona görə də finala çıxmağı qarşımıza məqsəd qoyuruq”, - deyə V.Vatkin bildirib.
Avstraliyanın qadın yığmasının məşqçisi Mixail Barabaş isə deyib ki, Bakıya Avstraliyanın ən yaxşı qadın gimnastları gəlib. “Dayaqla tullanma üzrə Dünya Kubokunun lideri Emili Littl gəlib. Onun nəticəsi hamıdan yaxşıdır. Ümidvarıq ki, o, finala düşəcək, lakin mükafat yerinə də ümid bəsləyirik”, - deyə məşqçi qeyd edib. Onun sözlərinə görə, Avstraliya heç vaxt mürəkkəb proqramları ilə fərqlənməyib. “Biz keyfiyyətə və hərəkətlərin qüsursuz olmasına xüsusi diqqət yetirir və bunun hesabına xal toplamağa çalışırıq. Yeni qaydalar da bizim istiqamətimizə uyğun gəlir”, - deyə M.Barabaş diqqətə çatdırıb.
İdman zalının qadın gimnastların xoşuna gəldiyini vurğulayan məşqçi deyib: “Onlar məşq zalını bəyəndilər, bütün alətlər əla vəziyyətdədir. Ümumiyyətlə, Bakıda çox yaxşı mühit var, sakinləri xeyirxah və səmimidir, adama kömək etməyə həmişə hazırdırlar. Akklimatizasiya hələ iki gün olacaq. İdmançılarımız ilk dəfə deyil ki, Avstraliya hüdudlarından kənara çıxırlar. Bu baxımdan onlar xeyli təcrübəlidirlər”.