DÜNYA
Avstraliyada Əmək Günü qeyd edilir
Kanberra, 4 may, AZƏRTAC
Hər il mayın 4-də Avstraliyada Əmək Günü qeyd edilir. Bayramın adına baxmayaraq, həmin gün heç kim işləmir və bu, rəsmi istirahət günüdür.
Dünyanın bir çox ölkələrində Əmək Günü kimi qeyd edilən bu bayram işçilərin öz iqtisadi və sosial hüquqları uğrunda mübarizədə qələbəsi günü kimi tarixə düşüb. Burada əsasən, söhbət 8 saatlıq iş günündən gedir. Avstraliyada bu bayram belə də adlanır: 8 Hours Day – 8 Saat Günü.
Avstraliyadakı binaların üzərinə diqqətlə baxdıqda, hər yerdə 888 rəqəmlərini görmək olar. Bu rəqəmlər Britaniya sosialisti Robert Ouenin irəli sürdüyü “insanlara 8 saat iş, 8 saat istirahət və əyləncə, 8 saat isə yuxu üçün lazımdır” nəzəriyyəsinin müdafiəsi zamanı yaranıb. Məhz bu fəlsəfə 8 saatlıq iş günü hərəkatını irəli aparmaqda mühüm rol oynayıb. 1856-cı il aprelin 21-də Melburnun tikintilərində çalışan fəhlələr işi dayandıraraq, 8 saatlıq iş günü tələbi ilə Melburn universitetindən parlamentin binasınadək yürüş etmişdilər. Bu aksiya uğurlu nəticə vermiş və əmək haqqında itki olmadan 8 saatlıq iş gününə nail olan şəhər sakinləri dünyanın ən mütəşəkkil fəhlələri hesab edilmişdilər. Digərlərini də həvəsə gətirən bu gün həmin vaxtdan Əmək Günü (Labour Day) adlanmağa başlayıb.
Xatırlatmaq yerinə düşər ki, həmin vaxt iş günü 10-12 saat davam edirdi. Yalnız 1850-ci illərin sonlarında 8 saatlıq iş günü tətbiq olunmağa başladı. Beşgünlük iş həftəsinə nail olmaq üçün isə daha yüz il mübarizə aparmaq lazım gəldi. Bu uğurun əldə edilməsində 1948-ci il xüsusi rol oynadı.
Dünya ölkələrinin çoxunda Əmək Günü mayın 1-də qeyd edilir. Avstraliyada isə bu bayram müxtəlif ştatlarda ayrı-ayrı vaxtlara keçirilir. Qərbi Avstraliyada Əmək Günü martın 1-ci, Viktoriya və Tasmaniyada martın 2-ci, Kvinslend və Şimal Ərazilərində mayın 1-ci, paytaxt ərazisi (Kanberra), Cənubi Uels və Cənubi Avstraliyada isə oktyabrın 1-ci bazar ertəsinə təsadüf edir. Bu, 8 saatlıq iş gününün müxtəlif ştatlarda ayrı-ayrı vaxtlarda tətbiq olunması ilə əlaqədardır.
Həmin gün müxtəlif tədbirlərə qatılan avstraliyalılar həmkarlar ittifaqlarının fəhlələr naminə qazandığı uğurları fərəhlə bayram edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra