QAN YADDAŞI
Avstraliyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib
Sidney, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da Avstraliyanın Sidney şəhərində məlumatlandırma və imzatoplama aksiyası keçirilib. Aksiya Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Altı saat davam edən aksiyada Xocalı faciəsinin soyqırımı kimi tanınması məqsədi ilə federal və ştat parlamentlərinə ünvanlanacaq petisiya üçün imzalar toplanıb. Ərazidə qurulmuş stendlərdə isə soyqırımını əks etdirən fotoşəkillər nümayiş olunub, yerli sakinlərə broşür və bukletlər paylanıb.
Aksiyada Avstraliyada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və türk icmalarının üzvləri, səfirliyimizin əməkdaşları iştirak ediblər.
Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov bildirib ki, məlumatlandırma aksiyalarının mütəmadi keçirilməsi, federal və ştat parlamentlərinə müraciətlərin edilməsi ilə erməni diasporunun yalanları ifşa edilir və əsl həqiqətlər ictimaiyyətə çatdırılır.
Fevralın 27-də ölkənin ən böyük məscidi olan Gelibolu məscidində cümə namazından öncə soyqırımı ilə bağlı ətraflı məlumat verilməsi, faciə qurbanlarının ruhuna dualar oxunması nəzərdə tutulub.
Sidney şəhərində fəaliyyət göstərən “Azərbaycanın səsi” (Voice of Azerbaijan) radiosu son buraxılışlarını Xocalı soyqırımına həsr edib. Radio proqramın rəhbəri Gülzar Qasımovanın təqdimatında efirə gedən verilişdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Ermənistan silahlı qüvvələrinin yerli dinc azərbaycanlılara qarşı xüsusi qəddarlıqla soyqırımı aktı həyata keçirməsi, Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyəti və digər mövzularda müzakirələr aparılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio