DÜNYA
Avstraliyada akulalar pilotsuz uçan aparatlarla izləniləcək
Bakı, 26 noyabr, AZƏRTAC
Avstraliya hakimiyyəti Yeni Cənubi Uels ştatında sahilboyunda istirahət edənləri akula hücumlarından müdafiə etmək üçün pilotsuz uçan aparatlardan (dronlar) istifadə edəcək.
AZƏRTAC “Lenta.ru” saytına istinadla bildirir ki, akulaları izləyən dronlar ilə ilk sınaqların Kofs-Harbor şəhərində keçirilməsinə noyabrın 25-dən başlanılıb. Uçan aparatlardan əldə olunan bütün məlumat qeydləri operatorlar tərəfindən təhlil ediləcək.
Bu tədbirlər hökumətin akula hücumlarının sayının azaldılması üzrə proqramın tərkib hissəsidir. Monitorinq üçün dronlardan başqa həmçinin vertolyot və “ağıllı” sualtı çəpərlərdən istifadə nəzərdə tutulur. “Ağıllı” sualtı çəpərlər “GPS” texnologiyasının istifadə edildiyi maneələrdir. Yırtıcı üzərək qarmağa düşən kimi sistem bu barədə müvafiq mütəxəssislərə məlumat verir. Nəticədə onlar tutulan heyvanları çimərlikdən uzaq və insanların olmadığı başqa yerlərə buraxırlar.