DÜNYA
Avstraliyalı alimlər 16 min ildən çox yaşı olan qayaüstü rəsmlər aşkar ediblər
Tokio, 7 sentyabr, AZƏRTAC
Avstraliya alimləri qitənin şimal-şərqində yerləşən Kimberli rayonundakı mağaralarda aşkar edilmiş qayaüstü rəsmlərin planetin bu sənət növünə aid olan ən qədim nümunələri olduğunu güman edirlər.
Bu barədə fikirlərini jurnalistlərlə bölüşən Yeni İngiltərə Universitetinin professoru Cun Ross deyib: “Fotolüminisetin köməyi ilə biz müəyyən etdik ki, mağaralardan birindəki rəsm ən azı 16 min il bundan əvvəl yaradılıb”. Üç ildən çoxdur həmin ərazidə arxeoloji tədqiqatlara rəhbərlik edən alim əlavə edib ki, “16 min il dedikdə biz minimal müddəti götürürük”. Həmin vaxt rəsmin özünün deyil, onun üzərində daha sonra qurulan arı yuvasının qalıqlarının yaşını göstərir. Buna əsasən də demək olar ki, rəsm özü daha əvvəl yaradılıb.
C.Ross xatırladıb ki, Avstraliyada ilk insan məskənlərinin təqribən 56 min əvvəl yarandığı güman olunur. 2014-cü ildə İndoneziyanın Sulavesi adasında aşkar edilmiş qədim qayaüstü rəsmlərin təqribən 39 min il yaşı olduğu müəyyən edilib. Bunu əsas götürən alim bildirib ki, onların qənaətinə görə Avstraliya mağaralarındakı rəsmlərin müəllifləri İndoneziyadan qayıqlarla bu materikə gələn insanlar olub. Belə ki, buz dövrünə təsadüf edən həmin vaxtda Kimberli ilə İndoneziya arasındakı körfəz çox ensiz olub. Avstraliyanın şimal-şərq sahillərində aşkar olunan insan məskənlərinin yaşı buradakı qayaüstü rəsmlərin daha əvvəl meydana gəldiyini deməyə əsas verir: “Biz güman edirik ki, tarixin dəqiqləşdirilməsi ilə bağlı yeni üsulların yaradılması Avstraliyadakı rəsmlərin daha qədim dövrə aid olduğunu demək üçün ciddi əsaslar verəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio