DÜNYA


Avstraliyanın Baş naziri ABŞ-ın yeni seçilmiş Prezidentinin TPP-yə mənfi münasibətinin dəyişəcəyinə ümid edir

A+ A

Tokio, 20 noyabr, AZƏRTAC

Avstraliyanın Baş naziri Malkolm Ternbull ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmaya mənfi münasibətinin dəyişəcəyinə ümid etdiyini bildirib.

Avstraliyanın Baş naziri bunu Perunun paytaxtında keçirilən APEC Sammiti çərçivəsində jurnalistlərlə görüşü zamanı deyib.

Özündə çox böyük regional azad ticarət zonasını birləşdirəcək TPP barədə razılaşma 2016-cı ilin fevralında 12 dövlətin iştirakı ilə imzalanıb. Avstraliya və ABŞ ilə yanaşı, onun tərkibinə Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur, Çili və Yaponiya da daxildir. Donald Tramp özünün seçkiöncəsi kampaniyası zamanı dəfələrlə ABŞ-ın TPP-də iştirakının əleyhinə olduğunu deyib.

Barak Obamanın da ilkin mərhələdə TPP-nin əleyhinə olduğunu xatırladan M.Ternbull onun hazırda bu razılaşmanın ən fəal tərəfdarlarından birinə çevrildiyini bildirib. Avstraliyanın Baş naziri əlavə edib ki, gələcəkdə ABŞ Konqresinin və Prezidentin bu və ya digər formada həmin razılaşmanı müdafiə etməsi tamamilə mümkündür.

Jurnalistlərin Donald Trampın dəfələrlə TPP barədə tənqidi fikirlər səsləndirməsi barədə fikirləri ilə razılaşan M.Ternbull vurğulayıb ki, ABŞ-ın yeni seçilmiş Prezidenti azad ticarətin qəti əleyhdarı olduğunu da heç zaman deməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.