DÜNYA
Avstraliyanın Baş naziri hökumətdəki yerdəyişmələri elan edib
Kanberra, 13 fevral, AZƏRTAC
Avstraliya Milli Partiyasının yeni lideri Barnabi Coys Baş nazirin yeni müavini təyin edilib. Bu barədə Avstraliya hökumətinin başçısı Malkolm Ternbull Nazirlər Kabinetinin tərkibindəki dəyişiklikləri elan edərkən məlumat verib.
Bu yerdəyişmələr demək olar ki, məcburi xarakter daşıyırdı. Xəbər verdiyimiz kimi, fevralın 11-də kabinetin iki üzvü – Baş nazirin müavini Uorren Trass və ticarət naziri Endrü Robb siyasətdən gedəcəklərini bəyan ediblər. U.Trass yaxın günlərdə parlamenti tərk edəcəyini bildirib, E.Robb isə qarşıdan gələn parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini deyib.
67 yaşlı U.Trass hakim Liberal-Milli koalisiyasının üzvü, Avstraliya Liberal Partiyasının tərəfdaşı Milli Partiyanın sədri idi. Mövcud hökumətdə o, Baş nazirin müavini, infrastruktur və regional inkişaf naziri vəzifələrini tuturdu. Milli Partiyadan olan deputatlar partiyanın yeni lideri vəzifəsinə Barnabi Coysu seçdikdən sonra o, kənd təsərrüfatı və su ehtiyatları naziri portfelini saxlamaqla birlikdə, həm də ənənəyə görə Baş nazirin müavini vəzifəsini tutub.
Milli Partiyadan olan parlamentarilər U.Trassın portfelini də öz aralarında bölüblər. Belə ki, Fiona Neş regional inkişaf, Darren Çester isə infrastrukturun inkişafı və nəqliyyat naziri vəzifələrini tutacaqlar. Fiona Neş Nazirlər Kabinetinin tərkibinə daxil edildikdən sonra burada çalışan qadınların sayı xarici işlər naziri Culi Bişop və müdafiə naziri Maris Peyn də daxil olmaqla altıya çatacaq.
Yaxın zamanlarda parlamenti tərk edəcək 64 yaşlı Endrü Robbu isə ticarət naziri vəzifəsində 41 yaşlı Stiven Çobo əvəz edəcək. E.Robb hazırkı hökumətin ən bacarıqlı nazirlərindən biri hesab olunurdu. Nazir vəzifəsində olduğu iki il yarım ərzində o, Çin, Koreya Respublikası və Yaponiya ilə azad ticarət barədə müqavilələrin imzalanmasına nail olub. Ötən həftə isə ticarət naziri olaraq Avstraliya adından Trans-Sakit okean Tərəfdaşlığı barədə razılaşmaya imza atıb. E.Robb yaxın aylarda Hindistanla azad ticarət barədə müqavilənin imzalanması istiqamətində planlarını gizlətmir. Bu gün o, Avstraliyanın ticarət üzrə xüsusi nümayəndəsi təyin edilib və bu vəzifədə öz sələfinin işi daha tez mənimsəməsinə, həmçinin Nyu-Deli ilə danışıqları sürətləndirməyə kömək edəcək.
Yeni nazirlərin andiçmə mərasiminin fevralın 18-də keçiriləcəyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra