DÜNYA


Avstraliyanın Baş naziri ölkəsinin respublika elan edilməsi təklifinə tərəfdardır

A+ A

Tokio, 18 dekabr, AZƏRTAC

Avstraliyanın Baş naziri Malkolm Ternbull ölkənin respublika elan edilməsi təklifinə tərəfdar olduğunu bildirib. Lakin o qeyd edib ki, bu, Böyük Britaniyanın kraliçası II Yelizavetanın hakimiyyəti başa çatdıqdan sonra mümkündür.

Bu barədə dekabrın 18-də “The Sydney Morning Herald” nəşri məlumat yayıb.

Hazırda Avstraliya özündə 16 dövləti birləşdirən və kraliça II Yelizavetanın dövlət başçısı kimi çıxış etdiyi Millətlər Birliyinin (Krallığın) tərkib hissəsidir. Ölkədə idarəetmə forması parlamentli monarxiyadır.

Nəşr M.Ternbullun sözlərini sitat gətirir: “Fəxrlə deyə bilərəm ki, mən avstraliyalıyam. Bizim dövlət başçımız da bu sözləri deməyə qadir olan bir şəxs olmalıdır”.

Respublika idarə-üsulunun ümummilli referendum yolu ilə həll edilməsinin vacibliyinə diqqət çəkən Baş nazir əlavə edib ki, o, kraliça II Yelizavetanın hakimiyyəti dövründə ikinci xalq səsverməsinin keçiriləcəyinə inanmır.

Xatırladaq ki, 1999-cu ildə keçirilən ilk referendumun təşəbbüskarlarından biri məhz M.Ternbull olmuşdu. Həmin vaxt ölkədə əhalinin 50 faizdən çoxu Avstraliyanın respublika elan olunmasının əleyhinə səs vermişdi. Beləliklə, Böyük Britaniya kraliçası II Yelizaveta dövlət başçısı vəzifəsində qalmışdı.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.