QAN YADDAŞI
Avstraliyanın Sidney şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Sidney, 27 fevral, AZƏRTAC
Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Azərbaycanın Avstraliyadakı fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə Avstraliya parlamentinin deputatı Kreyq Kelli, sənaye və elm nazirinin müavini Kreyq Londi, Türkiyənin Sidneyda baş konsulu Melih Karalar, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Sidneydəki Azərbaycan və türk diasporlarının üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən millət vəkili X.Fətiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni millətçiləri tərəfindən törədilən qanlı cinayətlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, öz çirkin niyyətlərindən əl çəkməyən Ermənistan təmas xəttində gərginliyi artırır, atəşkəs rejimini mütəmadi olaraq pozur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fikirlərini xatırladan deputat qeyd edib ki, Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.
Milli Məclisin deputatı A.Mollazadə çıxışında vurğulayıb ki, Xocalı soyqırımının 25-cü ildönümü dünyanın hər yerində həmvətənlərimiz tərəfindən qeyd edilir. Bakıda bu qanlı faciənin ildönümündə minlərlə insan küçələrə axışaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün yürüş edib. Xocalı soyqırımının XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən olduğunu bildirən millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına ən böyük təhlükə və əngəl mənbəyi olduğunu bildirib.
Türkiyənin Sidney şəhərində baş konsulu M.Karalar Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq işində türk diasporunun rolundan danışıb. Vurğulayıb ki, Xocalı soyqırımı heç zaman unudulmayacaq, onların qisası alınacaq, işğal altında olan torpaqlar azad ediləcək.
Avstraliya parlamentinin deputatı K.Kelli qeyd edib ki, Xocalı soyqırımı kimi hadisələrin təkrarlanmaması üçün dünya ictimaiyyəti həqiqətləri bilməlidir. Bu həqiqətlərin Avstraliya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolunu yüksək qiymətləndirib. Azərbaycana səfərini xatırladan K.Kelli ölkəmizin müasir inkişafından, burada mövcud olan tolerantlıqdan və qonaqpərvərlikdən də danışıb.
Avstraliya hökumətinin sənaye və elm nazirinin müavini K.Londi Xocalı soyqırımını törədənləri pisləyərək, Azərbaycan və Türkiyə diasporlarının bu faciə barədə obyektiv məlumatların yayılmasında rolundan danışıb.
Tədbirdə, həmçinin Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva, Azərbaycanın Avstraliyadakı səfirliyinin təmsilçisi Elcan Həbibzadə, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond, Avstraliya Azərbaycanlıları Cəmiyyətinin sədri Mikayıl Oyta və digərləri çıxış edərək Ermənistanın işğalçı siyasətinin iflasa uğrayacağını və Azərbaycan torpaqlarının tezliklə azad olunacağına əmin olduqlarını bildiriblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Sidney