DÜNYA


Avstraliyanın Yaranma Günü qeyd olunur

Tokio, 5 iyun, AZƏRTAC 

İyunun 5-də Qərbi Avstraliya ştatında Avstraliyanın Yaranma Günü (Foundation Day) qeyd edilir. Həmin gün Avstraliya qitəsinin üçdə birini əhatə edən bu ştatda hər il qeyd olunan ənənəvi rəsmi bayramdır. Ölkənin ən böyük ştatı olan Qərbi Avstraliya həm də yay və qış vaxtına keçməməsi ilə tanınır.

Yaranma Günü rəsmi olaraq iyunun 1-də qeyd edilsə də, ənənəvi bayram tədbirləri iyunun ilk bazar ertəsi keçirilir. Qərbi Avstraliya sakinləri öz tarixlərinə böyük hörmətlə yanaşırlar. 1829-cu il iyunun 1-də Britaniyadan uzun yol qət edərək buraya gələn ilk gəmi “Yaşıl qitə”yə, Svan çayının sahilindəki koloniyaya yan alıb. Bu gəminin adı “Parmeliya”, kapitanı isə Ceyms Stirlinq olub. Güclü külək səyyahlara bir neçə gün sahilə çıxmağa mane olsa da, onlar dənizdən yeni torpaqlarını öyrənməklə məşğul olublar. Gəminin sərnişinləri sahilə rəsmi olaraq bir neçə gün sonra çıxa bilsələr də, məhz iyunun 1-i qərb sahilinin sakinləri üçün Yaranma Günü hesab edilir. Məhz həmin il Avstraliyanın ən böyük şəhərlərindən biri olan Pertin əsası qoyulub.

Hər il iyunun ilk bazar ertəsi Yaranma Gününü qeyd edən avstraliyalılar istirahət günlərinin sayını daha da artırırlar.

İllər keçdikcə qitənin ilk sakinlərinə dünyanın müxtəlif yerlərindən gələnlər əlavə olundu. Ştatın ilk sakinləri məhz ingilislər və irlandiyalılar sayılırlar. Onların ardınca italyanlar və yunanlar da burada məskunlaşdılar. XIX əsrin ortalarından başlayaraq almanlar, hollandlar, xorvatlar və makedoniyalılar da Avstraliyanın qərb sahillərinə yerləşdilər. Növbəti axın Cənub-Şərqi Asiya və Cənubi Afrika sakinləri oldu. Hər gələn yeni qrup uzun əsrlər boyu davam edən irsə öz mədəniyyətinin elementlərini əlavə etdi ki, nəticədə nadir Qərbi Avstraliya mədəniyyəti formalaşdı.

Bu gün Qərbi Avstraliya ştatında təqribən 2 milyon adam yaşayır. Onlar 170 dildə danışan və təqribən 100 dinə sitayiş edən 200 milləti təmsil edirlər.

Yaranma Günündə avstraliyalılar bu torpaqlara ilk gələnlərin xatirəsini hörmətlə anır, həmçinin xoşbəxt gələcək qurmaq üçün çalışanlara minnətdarlıqlarını bildirirlər. Qərbi Avstraliyanın ən dəyərli mükafatı hesab edilən “Ştatda ilin adamı” mükafatı da məhz bu günün sahibinə təqdim edilir. Hökumət evində Yaranma Gününə həsr edilən, qubernatorun şəxsən qatıldığı böyük bal gecəsi keçirilir. Təşkil edilən mədəniyyət və bədii sərgilər, konsert proqramları böyük atəşfəşanlıqla başa çatır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.