DÜNYA
Avstraliyanın ən təhlükəli terrorçusu İraqda məhv edilib
Tokio, 5 may, AZƏRTAC
Avstraliya vətəndaşlarının İŞİD terrorçu qruplaşmasının sıralarına cəlb edilməsinə rəhbərlik edən tanınmış terrorçu Nil Prakaş ABŞ hərbi-hava qüvvələrinin İraqın Mosul şəhərinə endirdiyi zərbələr nəticəsində məhv edilib. Bu barədə Avstraliyanın “Deyli Teleqraf” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Nil Prakaş Avstraliyanın ən təhlükəli terrorçusu olub.
Ekstremist aprelin 29-da Mosula endirilən hava zərbələri zamanı məhv edilib. Bu barədə ABŞ hökumətini Avstraliyanın Baş naziri Malkolm Ternbul məlumatlandırıb. ABŞ hökumətindəki mənbələrin bildirdiyinə görə, bu terrorçunun məhv edilməsi ABŞ-da və bir sıra Avropa ölkələrində planlaşdırılan terror aktlarının qarşısını alıb.
Abu Xalid al-Kambodi adı ilə də tanınan Nil Prakaş, Avstraliyada terrorçuların İŞİD sıralarına cəlb olunmasının əsas təşkilatçılarından biri idi. Onun Melburnu tərk edərək 2013-cü ildə Suriyaya yollandığı bildirilir. Tərəfdarları cəlb etmək üçün İŞİD ekstremistlərinin çox vaxt internetdən və sosial şəbəkələrdən istifadə etdiyi məlumdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio