SİYASƏT
Avstriya Mətbuat Agentliyində Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı bəyanat və açıq məktub dərc olunub
Vyana, 8 iyul, AZƏRTAC
Avstriya Mətbuat Agentliyi (APA) iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektləri atəşə tutması və mülki şəxslərin öldürülməsi ilə bağlı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bəyanatını və Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinın açıq məktubunu yayıb.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən verilən bəyanatda bildirilir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti cinayətə imza ataraq, iyulun 4-də axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektləri minaatanlardan və qumbaraatanlardan atəşə tutub.
Bu vəhşi əməl nəticəsində Alxanlı kənd sakinləri Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə ciddi ziyan dəyib: “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası olaraq Ermənistan dövlətinin dinc Azərbaycan vətəndaşlarına qarşı törətdiyi növbəti ağır cinayəti qətiyyətlə lənətləyirik. Dünya ictimaiyyəti diqqətini bu dəhşətli hadisəyə yönəltməlidir. ATƏT-in Minsk qrupunu və beynəlxalq təşkilatları Ermənistan dövlətinin işğalçı siyasətinə son qoymaq üçün qətiyyətli addımlar atmağa çağırırıq”.
Bəyanatda, həmçinin qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin mülki əhalini, xüsusilə uşaqları məqsədyönlü şəkildə hədəfə alması ilk dəfə baş vermir: “Hər dəfə danışıqlarda tərəqqi olan kimi və ya Minsk qrupunun həmsədlərinin regiona səfəri baş tutursa, erməni tərəfi mütəmadi olaraq atəşkəs rejimini pozur. Bu da onların işğalçılığa son qoymaqda qətiyyən maraqlı olmadığını göstərir.”
Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinın beynəlxalq ictimaiyyətə ünvanladığı və ölkənin aparıcı hüquq müdafiəçilərinin imzaladığı açıq məktubda Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə məlumat verilir, 1994-cü ildə atəşkəs əldə edilməsinə baxmayaraq, Ermənistan ordusunun hücum və təxribatları nəticəsində çoxlu sayda hərbi və mülki şəxslərin həyatına son qoyulduğu bildirilir. Hüquq müdafiəçiləri iyulun 4-də baş vermiş cinayəti qətiyyətlə pisləyiblər: “Biz – Azərbaycandakı hüquq müdafiəçiləri bu cinayət əməlinin Ermənistanın Azərbaycana qarşı artıq 25 ildən çoxdur apardığı hərbi işğal və etnik təmizləmə strategiyasının tərkib hissəsi kimi lənətləyirik. Ermənistan Respublikası və onun rəhbərliyi bu beynəlxalq cinayətə görə birbaşa məsuliyyət daşıyır.”
Həmçinin qeyd edilib ki, beynəlxalq hüquqa zidd əməllərinə görə Ermənistanın bu günədək beynəlxalq səviyyədə məsuliyyətə cəlb edilməməsi faktı həmin ölkənin öz cinayətkar əməllərini davam etdirməsinə şərait yaradır: “Məhz bu səbəbdən də biz beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT və digər beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq insan hüquqlarının kobud şəkildə pozulmasına hüquqi və siyasi qiymət verməyə, Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq etməyə, erməni işğalına son qoymaq üçün lazımi tədbirlər görməyə və həmçinin mülki şəxslərin, xüsusilə ahıl və uşaqların məqsədyönlü şəkildə qətlə yetirilməsinə biganə qalmamağa çağırırıq”.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana