CƏMİYYƏT
Avstriya çempionunun rəsmi internet səhifəsində Qarabağ həqiqətləri VİDEO
Vyana, 24 iyul (AZƏRTAC). Xəbər verildiyi kimi, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” futbol klubu iyulun 30-da və avqustun 6-da Avstriya çempionu “Red Bull Zaltsburq” komandası ilə qarşılaşacaq.
Oyun öncəsi Avstriya çempionunun rəsmi internet səhifəsində azərbaycanlı rəqib barədə məqalə yerləşdirilib. Məqalədə “Red Bull Zaltsburq”un baş məşqçisi Adi Hütterin rəqib komanda haqqında fikirləri də yer alıb: “Qarabağ” xüsusilə müstəsna keyfiyyətlərə malik legionerlərin yer aldığı çox yaxşı komandadır. Bundan əlavə, biz çox fanatik və yüksək coşqulu azarkeşlər gözləyirik. Biz hər iki qarşılaşma üçün tam diqqətlə hazırlaşmalıyıq”.
Məqalədə, həmçinin “Qarabağ” futbol klubunun tarixinə toxunulur. Əksər klublardan fərqli olaraq zaltsburqlular tarixi həqiqəti olduğu kimi və heç bir təhrifə yol vermədən əks etdiriblər. Belə ki, Ağdamın “Qarabağ” klubunun kəşməkəşli tarixə malik olduğu, adından göründüyü kimi, klubun Ermənistanla həmsərhəd Qarabağ regionunda yerləşən Ağdamı təmsil etdiyi qeyd olunur. Məlumatda tarixi gerçəkliklərə obyektiv nəzər salınır və bildirilir ki, bu şəhər Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən 1993-cü ildə işğal edilərək tamamilə dağıdılıb. Bunun ardınca isə klub ölkənin paytaxtı Bakı şəhərinə pənah aparmalı olub. Bu gün Ağdam ruhların dolaşdığı kimsəsiz ərazidir.
Yazıda, həmçinin ötən mövsümlərdə Azərbaycan çempionunun beynəlxalq miqyasda keçirdiyi oyunlar və qarşılaşdığı ciddi rəqiblər barədə məlumat verilir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana