İQTİSADİYYAT


Avstriya qeydləri: Vyana - paytaxtın imperiya dəbdəbəsi

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Vyanada imperatorlar, knyazlar və qraflar əyyamı çoxdan geridə qalsa da, sarayları qalır. Avstriya paytaxtında cəmi 27 saray və qəsr var ki, bunların da azı ikisinə - hakim Habsburqlar sülaləsinin dəbdəbəli qış və yay iqamətgahlarına - Hofburq və Şönbrunn saraylarına mütləq getmək lazımdır. Onların hər birini gəzmək üçün azı bir gün lazımdır. Biz macal tapıb yalnız Şönbrunn sarayında olduq. 1441 otağı və möhtəşəm bağı olan bu sarayda dünyanın ən qədim zooparkı fəaliyyət göstərir. Odur ki, təəssüratlarımızı sizinlə bölüşməyə tələsirik. Reportajımızı isə Vyananın rəmzlərindən birinin - XIX əsrin sonlarında quraşdırılan nəhəng Müşahidə çarxının yerləşdiyi “Prater” attraksionlar parkı haqqında söhbətimizlə bitirəcəyik.

 

Şönbrunn, Mariya Tereziya və Fransa inqilabı

Amma ənənəyə görə, əvvəlcə icazə verin, Vyanada iki gecə qaldığımız daha bir otel barədə informasiyanı sizinlə bölüşək. Vyananın mərkəzinin yaxınlığında, dəbdə olan rayonlarından birində - Servitendə yerləşən “Best Western Premier Harmonie Vienna” oteli dərhal ürəyimizə yatdı. İltifatlı heyət, rahat nömrələr, çay və qəhvə üçün pulsuz ləvazimat, dadlı səhər yeməyi, bayırdakı sakitlik, avtobus və tramvay stansiyalarının yaxınlıqda yerləşməsi – görməli yerləri gəzib-dolaşmaqdan yorulmuş turistə daha nə lazımdır?! Mehmanxananın başdan-başa çiçəkləyən bitkilər sarımış fasadı, habelə perulu rəssam və rəqqas Luis Kazanova Sorolyanın “Signapura” art-layihəsindəki əsərlərdən istifadə olunmaqla kreativ tərtib edilmiş interyeri çox yaddaqalandır. Vyana İncəsənət Akademiyasının məzunu rəqs hərəkətlərini kağızda əks etdirib. Yəni, rəqqas və rəqqasələr puantlarını tam mənası ilə boyaya batırıb, nəhəng kağız parçası üzərində müxtəlif palar ediblər. Nəticədə müasir təsviri sənətin bənzərsiz nümunələri yaranıb ki, onların da çoxuna “Harmonie Vienna” otelinin dəhliz və otaqlarında tamaşa etmək mümkündür. 

Amma əgər klassik sənətə üstünlük verirsinizsə, onda mübaliğəsiz olaraq, cah-cəlallı imperiya üslubunun təcəssümü adlandıra biləcəyimiz Şönbrunn sarayına getməlisiniz. İmperatorun iqamətgahı yerləşdiyi və Avropada hakimiyyətin mərkəzi olduğu üçün Vyana əsrlər boyu dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Bu səbəbdən Vyanada möhtəşəm arxitektura yaranıb; dünyada çox az sayda şəhər tapılar ki, bu qədər memarlıq incisi bir yerə toplansın. Avropanın barokko üslubunda ən gözəl arxitektura tikililəri sırasında yer alan Şönbrunn sarayı parlaq nümunələrdən biridir.

“Dunay monarxiyası”na hamıdan çox – 68 il başçılıq etmiş İmperator I Frans İosif 1830-cu ildə Şönbrunn sarayında anadan olub. Birinci Dünya müharibəsinin qızğın çağında - 1916-cı ildə də elə buradaca gözlərini əbədi yumub. 2016-cı ildə Vyanada onun vəfatının 100-cü ildönümü qeyd olunub. Vyana bir əsr ərzində imperiya şəhərindən müasir dinamik şəhərə çevrilib. Buna baxmayaraq, dəstə-dəstə Şönbrunna axışan turistlər imperatorların necə yaşadığını gözucu da olsa, görmək istəyirlər. Axı sarayda imperator və xanımının yataq otağından tutmuş imperator tualetinədək hər şey olduğu kimi saxlanılıb.

Deyəsən, Habsburqların ən tanınmış nümayəndəsi Mariya Tereziya (1717-1780) olub. Şönbrunn məhz onun hakimiyyəti dövründə indiki görkəmini alıb və Habsburqların yay iqamətgahına çevrilib. İmperatriçə ilin ən isti fəslində böyük ailəsi və minlərlə xidmətçisi ilə birlikdə bura köçərmiş. Həyat yoldaşı I Frans ilə onun nə az, nə çox - 16 övladı olub. Mariya Tereziyanın qızlarından biri – Mariya-Antuanetta sonralar XVI Lüdovikə ərə gedərək, Fransa kraliçası olub. Doğrudur, bu əhvalatın inqilab və gilyotin ilə bitməsi də yaxşı məlumdur.

 

Rokoko, Mosart və yaşıl labirint

Saraya getdiyiniz zaman onun barəsində daha məlumatlı olmaq üçün audiobələdçi ilə ekskursiya üçün bilet almağınızı məsləhət görürük. Sizə “Böyük tur”, “İmperiya turu” və müstəqil ekskursiyaların digər növləri təklif ediləcək. Ekskursiya zamanı sizi bir neçə dildə, o cümlədən türk və rus dillərində olan audiobələdçi müşayiət edəcək. 

Şönbrunn sarayının 1441 otağından 45-i geniş ictimaiyyətə açıqdır. Sarayın daxili tərtibatını o dövrdə kral dəbdəbəsinin etalonu sayılan Parisin Versal sarayına bənzətməyə çalışıblar. Otaqların bəzəyi rokoko üslubundadır (14 karatlıq qızıl təbəqədən ornamentlə bəzədilmiş ağ səthlər), çilçıraqlar Bohema şüşəsindən, sobalar kaşıdandır. Hər yerdə imperatorun ailəsinin və onların çoxsaylı övladlarının təsvir olunduğu tablolar asılıb. Mərasim salonunda asılan “Musikfest” adlı nəhəng tablonun sol küncündə Volfqanq Amadey Mosartı görmək olar. Əslində, Mosart həmin tabloya yalnız Mariya Tereziyanın xahişi ilə əlavə edilib, çünki bəstəkar həmin yaşda hələ Vyanada yaşamırmış. Amma altı yaşlı vunderkind imperator ailəsi üçün ilk konsertini məhz Şönbrunn sarayının Güzgülü salonunda verib.

Saraya gələnlər gözəllikdə ad çıxarmış və ayaqlarının ucuna qədər uzanan saçlarına qulluğa hər gün bir neçə saat vaxt ayıran imperatriçə Yelizavetanın buduarını görə bilərlər. İmperator ilə xanımının zəngin bəzədilmiş yataq, vanna və tualet otaqlarına baxmaq da çox maraqlıdır. Daha bir maraqlı fakt budur ki, o dövrdə sarayda su kəməri olmadığı üçün kranlar əvəzinə əlüzyuyanlardan istifadə edilib.

İmperatriçə Mariya Tereziya Çin üslubunda dəyirmi kabinetində dövlət kansleri knyaz Kaunits ilə gizli məşvərət edərmiş, Laklanmış otaqda isə Napoleon məşvərət edib. Sonuncu imperator I Karl taxt-tacdan əl çəkməsi barədə aktı 1918-ci ildə yenə də Çin üslubunda, amma bu dəfə Göy otaqda imzalayaraq, Avstriya-Macarıstan İmperiyasının varlığına son qoyub. Çəhrayı ağacdan (“Dalbergia”) panel üz çəkilmiş, habelə Hindistan və İrandan çox qiymətli miniatürlərlə bəzədilmiş Milyonluq otaq rokoko üslubunda tərtib edilmiş ən yaxşı otaqlardan sayılır. 1814-1815-ci illərdə Vyana Konqresinin iştirakçıları Böyük Qalereyada rəqs ediblər, hazırda isə burada müstəsna hallarda dövlət qəbulları təşkil edilir.

Saraydan çıxandan sonra mütləq parkda gəzişin. Burada sizi oyma naxışlı köşklər, qızılgüllər sarınmış tunel, o dövrün park ansamblının mütləq atributu - 1715 kvadratmetr sahədə yerləşən yaşıl labirint gözləyir.

XVIII əsrin oranjereyası olan Palmalar pavilyonu da parkın ərazisində yerləşir. Hazırda onun tarixi nəbatat kolleksiyasında dünyanın hər yerindən 4 min növdən çox bitki, o cümlədən çoxsaylı palmalar, səhləb çiçəkləri və iri taxta dibçəklərdə sitrus bitkiləri var.

Nəhayət, 1752-ci ildə saray kompleksi ərazisində açılmış dünyanın ən qocaman zooparkı. Yeri gəlmişkən, zoopark Şönbrunn parkı və sarayı ilə birlikdə UNESCO-nun Dünya irsi obyektidir.

 

260 yaşlı heyvanxana və “Prater”in rekordları

Mariya Tereziyanın əri İmperator I Frans 260 il əvvəl saray parkında heyvanxana yaratmağı əmr edib. Əvvəlcə onun heyvanlar kolleksiyasına yalnız imperator ailəsinin və adlı-sanlı qonaqların baxmaq hüququ varmış. 1778-ci ildən sonra isə münasib geyinmiş bütün adamlar bazar günləri heyvanxanaya gələ bilərmiş. Hazırda Şönbrunn zooparkı dünyanın hər yerindən Vyanaya axışan turistlərin ən sevimli istirahət yeridir. Hər il bu heyvanxanaya iki milyondan çox adam gəlir. Keçmiş imperator heyvanxanası fəaliyyət göstərdiyi müddətdə dünyanın ən müasir və möhtəşəm zooparklarından birinə çevrilib. Amma hətta yüz il keçəndən sonra belə burada imperator ruhu hiss olunur. Tarixi elementlərlə müasir tikililərin harmoniyası zooparka xüsusi gözəllik bəxş edir. 

Zoopark Sibir pələngindən tutmuş begemot, kərgədan və böyük pandalaradək 700 növdən çox 6500-dək heyvanın məskəninə çevrilib. Volyerlər elə quraşdırılıb ki, heyvanlara təbiətə yaxın genişlik və şərait yaranıb. Tropik pavilyon, Cənubi Amerika heyvanları pavilyonu və oranqutanqlar evi zooparkın ən görməli yerləridir. Zooparkda ağ ayılar da var. Hovuzun şəffaf şüşələrindən onların suya necə baş vurduğuna tamaşa etmək olar.

Zoopark müsafirlərə sevinc bəxş etməklə bərabər, elmi missiya da yerinə yetirir. Məsələn, 1906-cı ildə Şönbrunn zooparkında sensasiya baş verib: dünyada ilk dəfə Vyanada Afrika filinin balası doğulub. 2007-ci ildə daha bir dünya premyerası qeydə alınıb. Şönbrunn zooparkında ilk dəfə panda balası dünyaya gəlib. Lap bu yaxınlarda isə ikibarmaqlı ərincək (meymun növü) anadan olub. Vyana zooparkı qayalıq pinqvinlərinin qorunub saxlanılmasında da böyük uğurlar əldə edib. Nəsli kəsilməkdə olan bu heyvanın 2010-cu ilin payızından etibarən Şönbrunn zooparkında ümumən 10 balası doğulub. Əlqərəz, əgər heyvanları müşahidə etməyi sevirsinizsə, Şönbrunn zooparkında sizi dünya faunasının ən nadir nümayəndələri ilə çoxlu maraqlı görüşlər gözləyir.

Şönbrunn sarayından zəngin təəssüratlarla Vyanaya qayıdandan sonra şam yeməyi barədə düşünməyə başladıq. Açıq havada çox vaxt keçirdiyimiz üçün yaman acmışdıq. Odur ki, Rinqştrassedə gəzişdiyimiz zaman dəfələrlə yanından keçdiyimiz “The Ritz-Carlton” otelinin birinci mərtəbəsində yerləşən “Dstrikt Steakhouse” restoranına getdik. Beşulduzlu oteldə yerləşməsinə baxmayaraq, bu müəssisə özünü “gündəlik lüks” kimi təqdim edib. Sadə avadanlıq, süfrəsiz masalar, dress-kodun yoxluğu. Müdiriyyət hesab edir ki, restoranın dərəcəsi zahiri təmtəraqla deyil, boşqabdakı yeməyin yüksək keyfiyyəti ilə ölçülməlidir.

Adından da məlum olduğu kimi, restoran müxtəlif çeşiddə steyklər hazırlamaqda ixtisaslaşır. Steyk Avstriyanın ən yaxşı fermalarındakı ətdən hazırlanır. Maraqlıdır ki, nəyə üstünlük verdiyiniz barədə qabaqcadan restoranın menecmentini xəbərdar etsəniz, sizə halal ətdən bifsteyk hazırlaya bilərlər. Restoranın tərəfdaşları arasında onu halal ətlə təchiz edən fermalar var. Biz steyk və balıq sifariş verdik. Əsas yeməkləri gözlədiyimiz sırada yüngül qəlyanaltı edib, içərisində qoz olan, üzərinə kərə yağı çəkilmiş ev çörəyi yedik. Maraqlıdır ki, steyki yemək üçün bizə müxtəlif forma və ölçüdə dəstdən bıçaq seçməyi təklif etdilər. Görünür, bunun əhəmiyyəti var. Steyk də, balıq da əla hazırlanmış və gözəl tərtibatda masaya gətirilmişdi. Həqiqətən də “boşqabda lüks” idi.

Sonuncu günün axşamını Vyanada keçirdik. Biz “Prater” parkına getməyi planlaşdırmışdıq. 2016-cı il bu park üçün yubiley ilidir. 250 il əvvəl imperator II İosif keçmiş ov yerlərini xalq üçün açıq elan edib. Habsburqların 6 kvadratkilometr ərazidə yerləşən ov yerləri bütün Vyana sakinlərinin istirahət və əyləncə yerinə çevrilib. 1873-cü ildə burada Ümumdünya sərgisi keçirilib. 1897-ci ildə isə İmperator Frans İosifin hakimiyyətdə olmasının 50 illik yubileyi münasibətilə Müşahidə çarxı quraşdırılıb.

Təntənəli tədbirlər çərçivəsində attraksion sahiblərinə burada öz çadır və köşklərini quraşdırmaq icazəsi verilib. Onların çoxu qalıb və “Vurstelprater” əyləncə parkının əsasını təşkil edib. Bu park hər il çoxlu sayda turist və yerli sakinləri cəlb edir. Taxtadan düzəldilmiş qədim təpəcikdən və tarixi uşaq karusellərindən tutmuş müasir attraksion, çoxsaylı kafe və restoranlaradək çoxsaylı əyləncələr sayəsində “Vurstelpratel” parkı böyükdən kiçiyə kimi hər kəsə asudə vaxtını maraqlı keçirməyi təklif edir.

Burada fəaliyyət göstərən 250 attraksion sırasında 117 metr hündürlüyündə zəncirvari karusel dünya rekordu sayılır. Madam Tüsso Muzeyi mərkəzi attraksiondur. Burada dünyanın ən məşhur simalarını görmək olar. Çoxsaylı Amerika təpəcikləri, avtodromlar, batutlar, gülüş otağı, oyun zalları, planetari və digər əyləncə yerləri də unudulmaz təəssüratlar doğurur. Parka giriş pulsuzdur. Yalnız hər hansı attraksiondan istifadəyə görə pul ödəmək lazımdır. İstifadə haqqı 4-6 avro civarındadır.

 

Son söz əvəzi

Vyananın görməli yerlərinin hətta ən cüzi hissəsinə tamaşa etmək üçün 3 gün çox azdır. Vaxtımız çox olsaydı, mütləq Şönbrunn saray-park kompleksi ərazisində yerləşən Vagenburq İmperator Karetləri Muzeyinə baş çəkər, Habsburqların qədim şəhərin mərkəzindəki Hofburq sarayına gedərdik. Hazırda bu sarayda Avstriya Respublikası Prezidentinin iqamətgahı yerləşir. Burada, həmçinin oğlanlardan ibarət Vyana xoru, ispan atçılıq məktəbinin lipisian atları çıxış edir, iki daimi ekspozisiya fəaliyyət göstərir: Gümüşü palata və imperator apartamentləri. Psixoanalizin banisi Ziqmund Freydin Vyanadakı mənzil-muzeyi və Avstriyada ən böyük akvariumu olan dəniz evi. Burada şirin suda yaşayan və dəniz balıqları, habelə timsahlar, ilan və hörümçəklər təqdim olunub. Akulalar isə tamaşaçıların başı üzərində üzürlər. 

Odur ki, Avstriyaya səfər planlaşdıran zaman Vyanaya 5-7 gün vaxt ayırın. İnanın ki, buna dəyər! Bizim isə yolumuz Vyananın mərkəzi vağzalınadır. Orada bizi Zalsburqa gedən qatar gözləyir.

Emil Eyyubov

Məxsusi AZƏRTAC üçün

Foto: Vitali Nəzərəliyev və Schloß Schönbrunn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.