SİYASƏT


Avstriya qəzeti: Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır

Vyana, 7 iyun, AZƏRTAC

Avstriyanın gündəlik “Tiroler Tageszeitung” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Qalib İsrafilovun Avstriya Mətbuat Agentliyinə (APA) müsahibəsini dərc edib.

“Dağlıq Qarabağ: Azərbaycan BMT qətnamələrinə uyğun olaraq işğal edilmiş ərazilərin qaytarılmasını tələb edir” başlıqlı məqalə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyətə həsr olunub.

Müsahibədə qeyd edilib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn ciddi şəkildə pozulması, sülh və təhlükəsizlik üçün təhdiddir. Rəsmi Bakı işğal olunmuş ərazilərin BMT-nın qətnamələri əsasında geri qaytarılmasını və öz torpaqlarından qovulmuş azərbaycanlıların vətənlərinə geri dönmələrini tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edilir ki, Ermənistan yerli əhalini doğma torpaqlarından qovmaq üçün hərbi qüvvədən istifadə edib, status-kvonu qüvvədə saxlamaq üçün hazırda da güc tətbiq etməkdədir.

Səfir qeyd edib ki, ATƏT-in Minsk qrupuna münaqişənin sülh yolu ilə nizamlanması üçün mandat verilib. Münaqişə dondurulmalı deyil, həll edilməlidir. BMT qətnamələrinin həyata keçirilməsi, eyni zamanda, 1996-cı ildə Lissabon Sammitində ATƏT-ə sədrlik edən İsveçrənin münaqişənin həlli üçün təklif etdiyi planın reallaşdırılması Ermənistanın müqaviməti ucbatından baş tutmayıb.

Diplomat müsahibədə münaqişə kontekstində üç əsas komponentə diqqəti yönəldib: Minsk qrupu vasitəçilik forumu kimi, ATƏT cavabdeh təşkilat olaraq və hadisə yerindəki reallıq, yəni, Dağlıq Qarabağ və ümumilikdə regiondakı hadisələrin inkişafı. Müsahibədə bununla bağlı fəaliyyətin yetərli olmadığı da qeyd edilib və ATƏT-in bu münaqişəyə kifayət qədər diqqət ayırmaması tənqid olunub. Bildirilib ki, Minsk qrupuna siyasi direktivlər verilməlidir.

Müsahibədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədri Avstriyanın münaqişənin nizamlanması ilə bağlı səyləri, ATƏT-in Bakı və Yerevan ofislərinin bağlanması səbəbləri, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün həyat şəraiti və doğma torpaqlara geri dönmək arzusu, Ermənistanın münaqişənin nizamlanması ilə bağlı tutduğu qeyri-konstruktiv mövqe barədə də söz açılıb.

Q.İsrafilov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün bütün tədbirləri görür. Lakin buna baxmayaraq, onlar öz torpaqlarına geri dönmək arzusundadırlar. “Nəyə görə onların taleyi Ermənistanın qərarından asılı olmalıdır?”, - deyə səfir vurğulayıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.