İQTİSADİYYAT
Avstriya şirkəti Heydər Əliyev adına NEZ-də Bitum qurğusunun tikintisi üzrə fəaliyyətə başlayıb
Bakı, 2 avqust, AZƏRTAC
Avstriyanın “Poerner” şirkəti Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) yenidənqurulması layihəsi çərçivəsində Bitum qurğusunun tikintisi üzrə fəaliyyətə başlayıb. İllik istehsal gücü 400 min ton olan yeni Bitum qurğusunun 2018-ci ilin ortalarında istismara verilməsi nəzərdə tutulur.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 2-də şirkətin Heydər Əliyev adına NEZ-də bu müəssisənin yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Poerner” şirkəti ilə yeni bitum qurğusunun inşası üzrə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (EPCm) müqaviləsi imzalanıb. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Poerner” şirkətinin baş direktoru Andreas Poerner imzalayıblar.
Mərasimdə SOCAR-ın vitse-prezidentləri Tofiq Qəhrəmanov və David Məmmədov, “Poerner” şirkətinin sahibi və baş icraçı direktoru Andreas Poerner, Müqavilələr və kommersiya məsələləri üzrə vitse-prezidenti Roland Stikler, Avstriyanın Azərbaycandaki səfirliyinin məsul nümayəndəsi xanım Ute Friessner iştirak ediblər.
Zavodda aparılan rekonstruksiya və modernizasiyası işləri barədə məlumat verən SOCAR-ın vitse-prezidenti T.Qəhrəmanov layihə çərçivəsində istismara veriləcək ilk qurğu - Bitum istehsalı qurğusu üzrə müqavilənin imzalanmasının əhəmiyyətini qeyd edib. O, bunun keçmiş “Azərneftyağ” NEZ-in mövcud infrastrukturunun tamamilə istismardan çıxarılmasına, Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcəyini deyib. Vitse-prezident yüksək keyfiyyətli bitum istehsalına və Bakının ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcəyini bildirib.
“Poerner” şirkətinin baş direktoru A.Poerner SOCAR ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün növbəti imkanın yaranmasından məmnun olduğunu söyləyib. O, yeni bitum qurğusunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi işlərinin həyata keçirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik “Poerner” şirkətinin seçilməsindən qürur duyduğunu vurğulayıb.