İDMAN
Avstriyada çıxış edən “Karabakh Vyana” komandası mükafatlandırılıb
Bakı, 12 yanvar, AZƏRTAC
Vyana Futbol Federasiyasının (WFV) təşkilatçılığı ilə Vyana Şəhər Hökumət Evində 2015/2016-cı il WFV liqalarında çempionluq titulu qazanmış klubların mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Vyana şəhəri üzrə idman qurumunun rəhbəri çempion klubları qələbə münasibətilə təbrik edib.
Sonra müxtəlif liqalarda qalib gələn klublar medallarla təltif olunublar.
Tədbirdə “Karabakh Vyana” klubunun oyunu xüsusi vurğulanıb və komandanın daha böyük uğurlar qazanacağına inam ifadə edilib.
“Karabakh Vyana” futbol klubu uğurlarını sadəcə əsas komanda ilə deyil, aşağı yaş qruplarının təmsil olunduğu “C” liqasında da davam etdirir. “C” liqasında qış fasiləsindən əvvəl keçirilən sonuncu - X turda da qələbə qazanan “Karabakh Vyana”nın yeniyetmələrdən ibarət heyəti fasiləyə çempion kimi yollanıb. Klubun əsas hədəfi cari mövsüm uşaq və yeniyetmələrin təmsil olunduğu daha yüksək – “B” liqasına vəsiqə qazanmaqdır.
Xatırladaq ki, reqlamentə əsasən “C” Liqasında xallar U-14, U-16 və U-18 komandalarının bir turda qazandığı nəticələrin cəminə əsasən hesablanır.