MƏDƏNİYYƏT
Avstriyada klassik Azərbaycan musiqisi səsləndirilib VİDEO
Vyana, 20 avqust, AZƏRTAC
Avstriyanın ən füsunkar təbiətə malik Karintiya əyalətində klassik Azərbaycan musiqisindən ibarət konsert keçirilib.
Alp dağlarının qoynunda yerləşən Hayliqenblut qəsəbəsində baş tutan konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və məşhur violonçel ifaçısı və dirijor Dmitri Yablonski, eləcə də Vyana Konservatoriyası, Riçard Vaqner Konservatoriyası və Vyana Musiqi və Təsviri İncəsənət Universitetinin azərbaycanlı tələbə və məzunları çıxış ediblər.
Hayliqenblut bələdiyyəsinin tədbir zalında keçirilən tədbirdə yerli bələdiyyə və icra hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Azərbaycan musiqi və mədəniyyətini Avstriyanın ən məşhur yay-qış turizm regionlarından birində tanıtmağa xidmət edən konsert Avstriyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Hayliqenblut qəsəbəsində yerləşən "Hotel Rupertihaus" otelinin birgə təşəbbüsü, Hayliqenblut bələdiyyəsinin dəstəyi ilə gerçəkləşib.
Tədbiri giriş sözü ilə açan "Hotel Rupertihaus" otelinin sahibi, iş adamı Fərid Haqverdiyev qonaqları salamlayıb. O, qonaqlara Azərbaycan haqda ümumi məlumat verərək, hər iki ölkə arasında oxşar cəhətlərə toxunub, hər iki xalqın yüksək mədəni-incəsənət irsinə malik olduğunu, Motsart və Üzeyir Hacıbəyli dühalar yetişdirdiyini, mədəniyyət və klassik musiqidə qarşılıqlı maraq doğuran ortaq nöqtələrin mövcudluğunu qeyd edib.
F.Haqverdiyev Azərbaycan musiqisi və mədəniyyətini Avstriya ictimaiyyətinə tanıtmağa xidmət bu kimi tədbirlərin gələcəkdə də mütəmadi şəkildə müxtəlif məkanlarda keçiriləcəyini diqqətə çatdırıb və bu tədbirlərin ənənə xarakteri alacağına ümidvar olduğunu bildirib.
Hayliqenblut qəsəbəsinin meri Yozef Şaxner belə bir layihəyə təşəbbüs göstərdiyinə görə Azərbaycan tərəfinə təşəkkür edib. O bildirib ki, bu kimi tədbirlər hər iki ölkə arasında mədəni əlaqələrin dərinləşməsinə töhfə verməklə yanaşı, klassik musiqi həvəskarları üçün yüksək bədii keyfiyyətlərə malik Azərbaycan musiqisi ilə tanış olmaq imkanı yaradacaqdır.
Sonra musiqiçilərə xatirə hədiyyələri təqdim olunub.
Konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Soltan Hacıbəyli, Qara Qarayev, Vasif Adıgözəlov, Fikrət Əmirov, Tofiq Quliyev və digərlərinin əsərləri səsləndirilib.
Sürəkli alqışlarla başa çatan konsertdən sonra tamaşaçılar yaxın gələcəkdə bu cür mədəni tədbirlərin tez-tez keçirilməsi arzusunu ifadə ediblər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana