DÜNYA
Avstriyada miqrantlara qarşı cinayət əməlləri bir ildə beş dəfə artıb
Vyana, 6 fevral, AZƏRTAC
Ötən il Avstriyada əcnəbilərə qarşı cinayət əməllərinin sayı bir ildə beş dəfə artıb. Avstriya Konstitusiyanın Mühafizəsi və Terrorizmə qarşı Mübarizə Federal İdarəsindən verilən məlumata əsasən, 2015-ci ildə ölkədə miqrantlara qarşı ümumilikdə 520 cinayət əməli törədilib. Cinayət əməllərinin sayı son üç ildəki cinayətlərin ümumi sayından çox olub. Ötən il qaçqınlar və onlara könüllü yardım edən şəxslərə, eləcə də qaçqın sığınacaqlarına qarşı 197 cinayət hadisəsi törədilib. Ümumilikdə miqrantlara qarşı irqçi hücumlar və cinayətlərin sayı 323 olub.
Federal İdarəsinin rəhbəri Peter Qridlinq “Ö1” radiosuna müsahibəsində bildirib ki, ölkəyə qaçqın axınının həcmini nəzərə alaraq, miqrantlarla bağlı cinayət hadisələrinin qeydiyyatı ayrıca reyestr üzrə aparılır. Son dövrlərdə əcnəbilərə qarşı cinayətlərin kəskin artmasına əsas səbəb cəmiyyət daxilində getdikcə artan qütbləşmə meyilləridir. İnternet vasitəsilə və radikal qüvvələrin toplantılarında əhali arasında əcnəbilərə, ilk növbədə qaçqınlara qarşı kampaniya aparılır. Əvvəllər yalnız marginal ekstremist qrupların ifadə tərzi olan fikirlər bu gün cəmiyyət daxilində artıq sərbəst və aqressiv tonda müzakirə olunur.
Son vaxtlar Almaniyanın Köln şəhərində və digər yerlərdə hansısa bir miqrant və ya qaçqın tərəfindən törədilmiş cinayət əməlinin ümumiləşdirilmiş şəkildə bütün miqrantlara şamil edilməsi cəhdlərini pisləyən P.Qridlinq bütün qaçqınları ümumiləşdirilmiş ittiham altında saxlamağa heç bir əsas olmadığını bildirib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana